2025-ci ilin dekabr ayında Rusiyanın "kölgə donanması"na aid "Qendil" tankerinə hücum nəticəsində xaricdə sabotaj və sui-qəsdlərin təşkilinə cavabdeh olan Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) məşhur generalı Andrey Averyanov həlak olub.
“AzPolitika” xəbər verir ki, bu barədə Fransanın RFI radiostansiyası məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, əməliyyatın arxasında Liviyada rəsmi Tripoli ilə koordinasiyalı şəkildə fəaliyyət göstərən Ukrayna hərbçiləri durur. Ekipajdan əlavə, tankerin göyərtəsində dənizçi kimi qələmə verilən təxminən on yüksək rütbəli Rusiya kəşfiyyat zabiti də olub.
Zərbə nəticəsində iki nəfər həlak olub, yeddi nəfər yaralanıb. Averyanov ölənlər arasında olub. Moskva bu məlumata rəsmi olaraq münasibət bildirməyib.
RFI mənbələri qeyd edir ki, hadisədən qısa müddət sonra ona reaksiya verilib: Belə ki, 23 dekabrda Liviya Baş Qərargah rəisi general Məhəmməd əl-Həddadın olduğu təyyarə Türkiyədə qəzaya uğrayıb. Mənbələrə görə, səbəb göyərtədə baş verən partlayış olub və bunda Rusiyanın əli ola bilər, baxmayaraq ki, bu barədə rəsmi təsdiq yoxdur. Martın 19-da isə Liviyanın ən böyük neft yatağı olan Əl-Şararada boru kəmərində yanğın baş verib. Hadisə yerində Rusiya sursatı tapılıb, lakin Liviya hakimiyyəti hələlik günahkarla bağlı heç bir rəsmi açıqlama verməyib.
General Andrey Averyanov 1966-cı ildə Türkmənistanda anadan olub və Daşkənd Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. Azadlıq Radiosunun məlumatına görə, 2013-cü ildə o, Avropada QRU əməliyyatlarından məsul olan 29155 saylı gizli hərbi hissənin rəisi olub. "New York Times" qəzeti Qərb kəşfiyyatına istinadla bildirib ki, bu bölmə, digər məsələlərlə yanaşı, Böyük Britaniyada Sergey Skripal və qızının zəhərlənməsi, bolqar iş adamı Emilian Gebrevə qarşı sui-qəsd cəhdi və 2016-cı ildə Monteneqroda dövlət çevrilişi cəhdində iştirak edib.
"The Insider"in araşdırmasına görə, Averyanov Bolqarıstan və Çexiya Respublikasındakı sursat anbarlarında partlayışların təşkilində iştirak edib. 2024-cü ildə o, Vrbetsedəki partlayışlarla əlaqədar Çexiya polisi tərəfindən axtarışa verilib. Son illərdə o, QRU-nun Afrika əməliyyatlarına nəzarət edən rəis müavini vəzifəsində çalışıb. RFI-nin məlumatına görə, onun həmçinin “Vaqner PMC”-nin ləğvindən sonra Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılan "Afrika Korpusu"na rəhbərlik etməsi gözlənilirdi.
RFI-yə məlum olub ki, 2025-ci ildə Ukrayna kəşfiyyatı və hərbçiləri Əbdül Həmid Dbeyba hökuməti ilə koordinasiyalı şəkildə Liviyada fəaliyyətə başlayıb. Mənbələrə görə, ölkədə 200-dən çox ukraynalı mütəxəssis yerləşdirilib və onlar Misratadakı aviabaza və Mellita yaxınlığında dəniz və hava dronlarının buraxılması üçün infrastruktur da daxil olmaqla bir neçə obyektdə çalışırlar. Aralıq dənizində Rusiya gəmilərinə hücumlar da bu mövqelərdən həyata keçirilib.
“AzPolitika.info”

Şərhlər