Aprelin 4-ü səhər saatlarında Rusiya hərbi qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhərini PUA-larla intensiv atəşə tutub. Ukrayna Baş Prokurorluğu və vilayət administrasiyasının yaydığı məlumata görə, hücum nəticəsində 5 nəfər həlak olub, 20-yə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Vilayət administrasiyasının rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, Rusiya ordusu zərbələr zamanı FPV-dronlardan istifadə edib. Hücumun əsas hədəfi şəhər bazarı və ətrafdakı ticarət obyektləri olub.Zərbələr nəticəsində şəhər bazarında güclü yanğın başlayıb. Ticarət pavilyonları və mağazalar ciddi ziyan görüb, bəziləri tamamilə yararsız hala düşüb.
Faciəvi hadisə nəticəsində həyatını itirən 5 nəfərdən 3-ü qadın, 2-si isə kişidir. Yaralanan 19 nəfərin arasında 14 yaşlı yeniyetmə qızın olduğu və vəziyyətinin ağır qiymətləndirildiyi bildirilir.
Qeyd edək ki, Nikopol şəhəri cəbhə xəttinə yaxın coğrafi mövqedə yerləşdiyi üçün mütəmadi olaraq Rusiya artilleriyasının və dron hücumlarının hədəfinə çevrilir. Bu gün səhər saatlarında eyni zamanda Kiyev və Sumı vilayətlərinə də hava hücumlarının təşkil edildiyi barədə məlumatlar yayılıb.
"AzPolitika.info"

Şərhlər