ABŞ-nin İrana qarşı apardığı hərbi əməliyyatlar zamanı itkilərinin miqyası genişlənməkdədir. CNN telekanalının hesablamalarına görə, rəsmi Vaşinqton müharibə müddətində azı 7 pilotlu hərbi təyyarəsini itirib.

Məlumata görə, son itkilər arasında F-15E Strike Eagle qırıcı-bombardmançısı da var. Təyyarə aprelin 3-də İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Həmin insident zamanı digər ABŞ təyyarəsi – A-10 Thunderbolt II hücum təyyarəsi də zərər görüb. Belə ki, o, vurulan F-15-in ekipaj üzvünü xilas etmək əməliyyatı zamanı zədələnərək alovlanıb.

CNN-in yazdığına görə, martın 2-də isə üç ədəd F-15 qırıcısı “dost atəşi” nəticəsində, yəni Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulub. Martın 12-də İraqda ABŞ-yə məxsus KC-135 yanacaqdaşıyan təyyarə qəzaya uğrayıb və nəticədə 6 ekipaj üzvü həlak olub.

Martın 27-də isə daha bir ciddi itki qeydə alınıb – ABŞ-nin uzaqdan radiolokasiya müşahidə təyyarəsi E-3 Sentry, Səudiyyə Ərəbistanındakı aviabazaya İran tərəfindən edilən hücum zamanı məhv edilib.

Bundan əlavə, CNN-ə danışan mənbələrin bildirdiyinə görə, mart ayında ABŞ-yə məxsus ən müasir qırıcılardan biri olan F-35 də Yaxın Şərqdə yerləşən aviabazalardan birinə məcburi eniş edib. İlkin ehtimallara görə, təyyarə İran qüvvələri tərəfindən atəşə tutulub.

Eyni zamanda, ABŞ hərbçilərinin vurulan F-15 qırıcısının ikinci ekipaj üzvünü də xilas etdiyi bildirilir. CBS News-un məlumatına əsasən, xilasetmə əməliyyatı zamanı ABŞ qüvvələri iki nəqliyyat təyyarəsini məhv edib ki, onların İran qüvvələrinin əlinə keçməsinin qarşısı alınsın.

Baş verənlər göstərir ki, ABŞ-nin texnoloji üstünlüyünə baxmayaraq, İranın hava hücumundan müdafiə sistemləri və cavab zərbələri ciddi nəticələr doğurmağa başlayıb. Bu isə münaqişənin daha da genişlənməsi və itkilərin artması ehtimalını gücləndirir.

“AzPolitika.info”