Ukraynada hərbi qulluqçuların özbaşına xidmət yerini tərk etməsi halları ilə bağlı yayılan iddialara rəsmi mövqe açıqlanıb. Hərbi Ombudsman Olqa Reşetilova bildirib ki, bu cür halların əsas səbəbi kimi göstərilən “pis komandirlər” amili reallığı tam əks etdirmir.

Onun sözlərinə görə, özbaşına hissəni tərk etmə halları daha çox döyüşlərin intensivliyi ilə bağlı olaraq artır. Statistik göstəricilər də sübut edir ki, rəhbərliklə münaqişələr bu məsələdə əsas faktor deyil.

Reşetilova qeyd edib ki, belə halların böyük hissəsi yeni səfərbər olunmuş hərbçilər arasında müşahidə olunur. Xüsusilə ilkin hərbi hazırlıq mərhələsində olan və ya yeni hərbi hissələrə təyin edilən, hələ döyüşlərdə iştirak etməmiş şəxslər arasında bu tendensiya daha çoxdur.

Hərbi ombudsman əlavə edib ki, bəzi hallarda hərbçilərin tibbi yardıma ehtiyacı olur, lakin müvafiq istiqamətləndirmə almadıqları üçün problemlər yaranır və bu da xidmət yerinin tərk edilməsinə səbəb ola bilir.

Bununla yanaşı, sorğular göstərir ki, əsas səbəb kimi hər zaman ölüm qorxusu və həyatı qoruma instinkti ön plana çıxır. Reşetilovanın sözlərinə görə, bu, tamamilə təbii reaksiyadır.

O vurğulayıb ki, bu problemin həlli komandirə etimadın artırılması, bölmələrdə sağlam psixoloji mühitin yaradılması və hərbçilər arasında qarşılıqlı dəstəyin gücləndirilməsindən keçir.

Eyni zamanda, ombudsman Ukrayna ordusunda komandirlərin hərbçilərin hüquqlarını kütləvi şəkildə pozması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, komandirlərin böyük əksəriyyəti məsuliyyətli və təcrübəli şəxslərdir.

“Bəli, istisnalar var və biz həmin problemli komandirləri konkret olaraq tanıyır və fəaliyyətlərini izləyirik. Lakin ümumi mənzərədə komandirlərin əksəriyyəti bu cür deyil”, – deyə Reşetilova qeyd edib.

“AzPolitika.info”