Rusiyanın bir sıra regionlarında aprelin 6-sı axşam saatlarında genişmiqyaslı internet kəsintisi baş verib.
“AzPolitika” yerli teleqram kanallarına istinadla xəbər verir ki, nasazlıq nəticəsində bank tətbiqləri, dövlət xidmətləri, mobil operatorlar və müxtəlif onlayn platformaların fəaliyyəti ciddi şəkildə pozulub.
Məlumata görə, problem qısa müddətdə ölkə üzrə kütləvi xarakter alıb və istifadəçilər minlərlə şikayət qeydə alıblar.
İstifadəçilərin bildirdiyinə görə, nasazlıqlar xüsusilə bank tətbiqləri və ödəniş sistemləri, rabitə operatorları, o cümlədən “Rostelecom”, dövlət xidmətləri platformaları, televiziya və yayım servisləri, oyun və kommunikasiya platformalarında hiss olunub.
Problemlər əsasən “Sberbank”, “Alfa-Bank” və “Gazprombank” kimi iri maliyyə qurumlarının xidmətlərində müşahidə olunub.
Bununla yanaşı, “Discord” və “Mira tankov” kimi platformaların da fəaliyyətində fasilələr yaranıb.
Hadisə ilə bağlı açıqlama verən “Rostelecom” bildirib ki, şirkətin serverləri güclü DDoS hücumuna məruz qalıb. Şirkətin məlumatında qeyd olunur ki, daxil olan trafik filtrasiya edilib və bu səbəbdən bəzi resursların əlçatanlığı məhdudlaşıb. Bildirilir ki, kiberhücumun təsiri qısa müddətdə aradan qaldırılıb.
Xatırladaq ki, aprelin 3-də də Rusiyada bank tətbiqlərinin fəaliyyətində genişmiqyaslı nasazlıq qeydə alınmışdı. Həmin vaxt istifadəçilər kartla ödəniş edə bilməyib, bankomatlardan pul çıxarmaqda çətinlik yaşayıb və mobil tətbiqlərə daxil ola bilməmişdilər. Bəzi regionlarda bankomatların belə işləmədiyi bildirilirdi.
Bir sıra ekspertlər hesab edir ki, baş verənləri yalnız kiberhücumla izah etmək olmaz. Onların fikrincə, problemlər internetə tətbiq olunan texniki məhdudiyyətlərlə də bağlı ola bilər. Bu kontekstdə Roskomnadzor tərəfindən həyata keçirilən bloklamalar ehtimal kimi göstərilir. Lakin qurum bu iddiaları rədd edib və mediadan belə məlumatların yayılmamasını tələb edib.
Son günlərdə təkrarlanan kəsintilər Rusiyada rəqəmsal infrastrukturun dayanıqlığı ilə bağlı narahatlıqları artırır.
Ekspertlərin fikrincə, bu cür nasazlıqlar davam edərsə, maliyyə əməliyyatlarına çıxış məhdudlaşa bilər. Həmçinin biznes fəaliyyətinə mənfi təsir dərinləşə, eləcə də əhali arasında nağd ödənişlərə maraq arta bilər.
Hazırda isə istifadəçilər xidmətlərin tam bərpasını gözləyir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər