İranın Ali Dini Lideri Müctəba Xamenei ölkə xalqına ünvanladığı yazılı müraciətdə rəsmi Tehranın mövqeyini sərt mesajlarla ifadə edib. O bildirib ki, İran müharibəyə can atmır, lakin öz hüquqlarından geri çəkilmək niyyətində deyil.

Xamenei vurğulayıb ki, hazırda İran “böyük gücə çevrilmək ərəfəsindədir” və 2026-cı ilin mart ayı ölkə üçün “yeni güclənmə və yüksəliş dövrünün başlanğıcı” kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, Tehran kursundan geri çəkilməyəcək: “Biz müharibə axtarmırıq, lakin hüquqlarımızdan imtina etməyəcəyik. Bizə vurulan bütün zərərlərə və şəhidlərimizin qanına görə kompensasiya tələb edəcəyik. Biz bu müqəddəs müdafiədə danılmaz qalib olduq”.

İran lideri çıxışında “üçüncü müqəddəs müdafiə” ifadəsini işlədərək, ölkəsinin son qarşıdurmada üstün tərəf olduğunu iddia edib və İran xalqını “döyüş meydanının əsl qalibi” adlandırıb.

Xamenei eyni zamanda region üçün mühüm mesaj verərək, Hörmüz boğazı ilə bağlı “yeni idarəetmə mərhələsinə keçid” elan edib. Bu açıqlama beynəlxalq enerji bazarları və dəniz ticarəti baxımından ciddi siqnal kimi qiymətləndirilir.

İranın Ali Lideri Fars körfəzi ölkələrinə də müraciət edərək onları “düzgün tərəfi seçməyə” çağırıb: “Siz bir möcüzənin şahidisiniz – ona düzgün baxın və doğru mövqeni tutun. Şeytanların yalan vədlərindən çəkinin”.

Ekspertlər hesab edirlər ki, Xameneinin bu çıxışı həm daxili auditoriyaya yönəlmiş mobilizasiya mesajıdır, həm də region ölkələrinə və Qərbə ünvanlanan xəbərdarlıq xarakteri daşıyır. Xüsusilə Hörmüz boğazı ilə bağlı səsləndirilən fikirlər yaxın dövrdə bölgədə gərginliyin yeni mərhələyə keçə biləcəyindən xəbər verir.

"AzPoıitika.info"