10-12 aprel tarixlərində Azərbaycanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçirilir.

“AzPolitika” xəbər verir ki, rəsmi məlumata görə, “Sülh Körpüsü” təşəbbüsü iki ölkənin vətəndaş cəmiyyətləri arasında birbaşa dialoq və əməkdaşlığın inkişafına xidmət etməyə davam edir. Bu dəfə Ermənistan nümayəndə heyəti Azərbaycana quru sərhəd vasitəsilə daxil olub, demarkasiya və delimitasiya olunmuş hissədən keçərək bütün zəruri sərhəd və pasport prosedurlarından keçib. Görüşlər Azərbaycan, Ermənistan və ABŞ liderlərinin 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli sammitində razılaşdırılmış sülh gündəliyi çərçivəsində təşkil olunur. Müzakirələrin əsas mövzuları sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” təşəbbüsü iştirakçılarının ölkələrindəki fəaliyyəti və əldə olunan nəticələr və regionda mövcud vəziyyət barədə olacaq. Eyni zamanda ayrı-ayrı sessiyalarda sülhün ictimai müstəvidə təşviqi və növbəti mərhələlərdə etimad mühitinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

Görüşdə Azərbaycan tərəfdən 20 nəfərlik nümayəndə heyəti iştirak edir. Onların sırasında müxtəlif beyin mərkəzləri, media qurumları və ictimai təşkilatların təmsilçiləri yer alır. Heyətə Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Fuad Abdullayev, Zaur Şiriyev, Emin Əliyev, Murad Muradov və digər ekspertlər daxildir.

Ermənistan tərəfini də 20 nəfərlik nümayəndə heyəti təmsil edir. Heyətdə Arak Koçinyan, Boris Navasardyan, Stepan Qriqoryan, Robert Gevondyan, Ruben Babayan, Armən Petrosyan, Tatev Danielyan və digər analitiklər, jurnalistlər və ictimai fəallar yer alır.

Təşəbbüsün əsas məqsədi iki ölkə arasında sülh prosesinə ictimai dəstəyin gücləndirilməsi, etimad mühitinin yaradılması və vətəndaş cəmiyyətləri səviyyəsində birbaşa təmasların genişləndirilməsidir.

Rasim Əliyev

“AzPolitika.info”