Bazar ertəsi səhər saatlarında Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yerləşən "Apatit" kimya zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edilib. Bu müəssisə Avropanın ən böyük fosfor tərkibli gübrə istehsalçısı hesab olunur.
"AzPolitika" xəbər verir ki, hücum barədə məlumatı Ukraynanın "Exilenova+" və "Supernova+" monitorinq kanalları yayıb. Məlumata görə, zavod ərazisinə ən azı iki birbaşa zərbə endirilib.
Voloqda vilayətinin qubernatoru Georgi Filimonov Rusiya Müdafiə Nazirliyinə istinadən bildirib ki, Çerepovetsin sənaye zonasına yaxınlaşan 13 dron vurulub. Qubernator qeyd edib ki, hazırda fövqəladə hallar xidmətinin mütəxəssisləri "qalıqların düşdüyü ərazidə" araşdırma aparır. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Hücuma məruz qalan "Apatit" zavodu Rusiyanın məşhur "FosAqro" qrupuna daxildir. Müəssisə təkcə Rusiyada deyil, Avropada fosforlu gübrələr, fosfor və kükürd turşusu istehsalı üzrə liderdir. Eyni zamanda zavod böyük həcmdə ammonyak və ammonium nitrat istehsal edir ki, bu da həm kənd təsərrüfatı, həm də sənaye baxımından strateji əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Ukrayna tərəfi hələlik hadisə ilə bağlı rəsmi şərh verməyib. Lakin bu, sözügedən zavoda qarşı ilk cəhd deyil. Cari ilin 27 mart tarixində də "Apatit" dron hücumuna məruz qalmış və nəticədə müəssisə ərazisində yanğın baş verdiyi bildirilmişdi.
Ekspertlər hesab edirlər ki, Rusiyanın dərinliklərində yerləşən bu cür strateji sənaye obyektlərinin hədəf alınması ölkənin iqtisadi potensialına və logistik imkanlarına ciddi zərbə vurmaq məqsədi daşıyır.
"AzPolitika.info"

Şərhlər