ABŞ və İran nümayəndə heyətləri İslamabadda yenidən görüşə bilər.

"Reuters" xəbər agentliyi dörd məlumatlı mənbəyə istinadən bildirib ki, ABŞ və İranın danışıqlar qrupları bu həftə Pakistanın paytaxtı İslamabadda yenidən danışıqlar masasına qayıda bilər.

Agentlik yazır ki, bu ehtimal bir neçə gün əvvəl Pakistan paytaxtında keçirilən və 1979-cu ildən bəri tərəflər arasında ən yüksək səviyyəli təmaslar kimi qiymətləndirilən danışıqların irəliləyiş əldə olunmadan başa çatmasından sonra ortaya çıxıb.

"Reuters" İranın İslamabaddakı səfirliyində adının açıqlanmasını istəməyən bir məmura istinadən qeyd edib ki, növbəti görüş bu həftə və ya gələn həftənin əvvəlində baş tuta bilər.

ABŞ rəsmiləri xəbərlə bağlı hələlik açıqlama verməyib. ABŞ Prezidenti Donald Tramp isə bazar ertəsi günü İranın razılaşmaya hazır olduğunu bildirərək, İran hökumətindəki “müvafiq şəxslərin” onunla əlaqə saxladığını qeyd edib.

"AzPolitika.info"