Ukraynanın Dnepr şəhərinə Rusiyanın endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib. Yaralananlardan 10 nəfərin vəziyyətinin ağır olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Zərbənin hansı obyektə endirildiyi açıqlanmır. Hadisə yerindən yayılan görüntülərə əsasən, hücum nəticəsində kafe və ərzaq mağazası yerləşən obyektə ziyan dəyib. Ukraynanın Hərbi Hava Qüvvələri daha əvvəl Dnepr üçün raket təhlükəsi barədə xəbərdarlıq etmişdi. Zərbənin raket, yoxsa pilotsuz uçuş aparatı ilə endirildiyi hələlik dəqiqləşdirilməyib. Hadisə nəticəsində yanğın baş verdiyi bildirilir.
Bundan əvvəl çərşənbə axşamı Rusiya qüvvələri Xerson şəhərində xəstəxana binasını pilotsuz uçuş aparatları ilə vurub. Hücum nəticəsində 5 nəfər, o cümlədən 4 tibb işçisi yaralanıb.
Çerniqov şəhərində isə inzibati binalara edilən dron hücumları nəticəsində 2 nəfər yaralanıb. Zərbələr Krivoy Roq istiqamətində də qeydə alınıb. Ümumilikdə, son sutka ərzində Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində 20-dən çox insan yaralanıb.
“Ukrenergo”nun məlumatına görə, kütləvi atəşlər səbəbindən Dnepropetrovsk, Zaporojye, Xarkov, Odessa, Nikolayev və Xerson vilayətlərində bəzi istehlakçılar elektrik enerjisiz qalıb.
“AzPolitika.info”

Şərhlər