Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı bildirib ki, Rusiya neftinin Ukrayna ərazisi vasitəsilə Slovakiya və Macarıstana nəql olunduğu “Drujba” neft kəməri aprelin sonuna qədər təmir edilərək yenidən istismara veriləcək.
Ukrayna hakimiyyəti kəmərin Rusiya bombardmanları nəticəsində zədələndiyini açıqlayır. Macarıstan tərəfi isə Kiyevi təmiri qəsdən ləngitməkdə ittiham edirdi və bunu ölkədə keçirilən seçki kampaniyasına təsir cəhdi kimi qiymətləndirirdi. Macarıstanın baş naziri Viktor Orban ilə Zelenski arasında bu mövzuda qarşılıqlı sərt bəyanatlar səsləndirilmişdi. Rəsmi Budapeşt Avropa İttifaqında Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqini və Ukraynaya ayrılması razılaşdırılmış 90 milyard avroluq kreditin verilməsini bloklamışdı.
Qeyd edək ki, aprelin 12-də Macarıstanda keçirilən seçkilərdə Orbanın rəhbərlik etdiyi siyasi qüvvə məğlub olub.
Zelenski aprelin 14-də Berlində çıxışı zamanı bildirib ki, neft kəməri tam olmasa da, işləməsi üçün kifayət edəcək səviyyədə bərpa ediləcək. O vurğulayıb ki, Ukrayna bundan əvvəl də eyni müddəti açıqlamışdı. Martın 20-də ölkə rəsmiləri təmir işlərinin altı həftəyə başa çata biləcəyini bildirmişdi. Zelenskinin özü isə daha əvvəl prosesi yazın sonunadək tamamlamanın mümkün olduğunu demişdi.
Ukrayna Prezidenti ölkəsinin neft nəqlini qəsdən dayandıraraq Macarıstan və Slovakiyaya təsir göstərmək niyyətində olması iddialarını rədd edib. Bununla yanaşı, o, dəfələrlə bu ölkələri Rusiya neftindən imtina etməyə çağırıb.
Macarıstanda seçkilərin qalibi və ehtimal olunan gələcək Baş nazir Peter Macar isə bildirib ki, yaxın gələcəkdə ölkə Rusiya neftindən imtina edə bilməyəcək. Bununla belə, o, Ukraynaya kredit ayrılmasının qarşısını aradan qaldıra biləcəyinə işarə edib. Zelenski onunla istənilən vaxt görüşə hazır olduğunu bəyan edib.Berlində səfərdə olan Zelenski Almaniya kansleri Fridrix Merts ilə də danışıqlar aparıb. Onun Norveçə səfəri də planlaşdırılır.
“AzPolitika.info”

Şərhlər