ABŞ Hərbi Dəniz Qüvvələri ötən bazar günündən etibarən İran limanlarına qarşı elan edilmiş dəniz blokadası çərçivəsində ən azı 8 neft tankerinin hərəkətinin qarşısını alıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti öz etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ hərbçiləri radioəlaqə vasitəsilə tankerlərin heyəti ilə əlaqə saxlayaraq onlara dərhal geri dönmək əmri veriblər. Bildirilir ki, aralarında Çin şirkətinə məxsus “Rich Starry” tankerinin də olduğu gəmilər əmrə tabe olaraq geri çəkiliblər. Hazırda blokada İranın ərazi sularından kənarda - Ərəb dənizində mövqe tutan 15-dən çox ABŞ hərbi gəmisi tərəfindən həyata keçirilir.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) çərşənbə günü verdiyi bəyanatda rəsmi rəqəm açıqlamasa da, İranın dəniz limanları vasitəsilə həyata keçirdiyi ticarətin “tamamilə dayandırıldığını” təsdiqləyib.

Son 24 saat ərzində Hörmüz boğazından 20-dən çox kommersiya gəmisi keçib. Lakin bu gəmilər İrana məxsus olmadığı və ya bu ölkənin limanlarına istiqamətlənmədiyi üçün ABŞ-ın blokadasına tuş gəlməyiblər. Bununla belə, həmin gəmilərin boğazdan keçidi əvvəllər de-fakto blokada tətbiq edən Tehranla razılaşdırıb-razılaşdırmadığı qeyri-müəyyən olaraq qalır.

ABŞ Prezidenti Donald Tramp isə mövzu ilə bağlı nikbin açıqlama verib. O, hərbi münaqişənin yekunlaşmaq üzrə olduğunu və İslamabaddakı uğursuz raunddan sonra dayandırılan sülh danışıqlarının bu həftə bərpa edilə biləcəyini deyib.

Xatırladaq ki, aprelin 21-nə qədər qüvvədə olan atəşkəs rejimi davam edir. Pakistan, Yaxın Şərq ölkələri və İran tərəfi də yeni görüşün hazırlığı barədə məlumatları təsdiqləyirlər.

Sülh ümidləri fonunda Asiya birjalarında kotirovkaların artımı müşahidə olunur, neft qiymətləri isə enməkdə davam edir

Rasim

"AzPolitika.info"