İyunda keçiriləcək parlament seçkisində özünü Nikol Paşinyanın əsas rəqibi kimi görən, hətta seçkidə iştirak üçün siyasi partiya yaradan milyarder Samvel Karapetyan daşıdığı Rusiya vətəndaşlığından imtina etdiyini bəyan edib.

Qeyd edək ki, Kremlin adamı kimi tanınan Karapetyanın Rusiya və Ermənistanla birgə Avropa ölkələrindən birinin də vətəndaşlığı var. Ermənistan konstitusiyasına görə isə namizədin yalnız bir – Ermənistan vətəndaşlığı olmalıdır.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, Ermənistandakı parlament seçkilərində iştirak etməyi planlaşdıran Samvel Karapetyan, Ermənistan vətəndaşlığından başqa bütün vətəndaşlıqlarından imtina etmək qərarına gəlib. "Seçkilərdə iştirak etdiyim və qələbəmə əmin olduğum üçün bu pasportlardan imtina prosesinə başlamaq qərarına gəldim", - deyə iş adamı bildirib.

Bu arada, erməni əsilli bu rusiyalı oliqarxın İrəvanda məhkəməsi başlayıb.

Karapetyan Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi ilə ittiham olunur: vergidən yayınma, mənimsəmə, çirkli pulların yuyulması, hüquqi şəxs vasitəsilə qanunsuz fəaliyyət və hakimiyyəti ələ keçirmək, konstitusiya quruluşunu zorla devirmək üçün açıq çağırışlar.

Müşahidəçilərin əksəriyyəti Karapetyanın 7 iyunda keçiriləcək seçkiyə buraxılmasına pessimist yanaşırlar. Həmçinin, onun reytinqi Robert Koçaryan kimi namizədlərdən üstün olsa da, seçkiyə buraxılsa belə, Paşinyana qalib gəlməsi real görünmür.

“AzPolitika.info”