Ukraynaya qarşı işğalçı müharibənin beşinci ilində Rusiya Müdafiə Nazirliyi cəbhədəki itkiləri kompensasiya etməkdə ciddi çətinliklərlə üzləşib. Media məlumatlarına görə, təkcə yanvarda itkilər yeni müqavilə bağlayanların sayını 9 min nəfər üstələyib, ötən il ölənlərin sayı isə 90 mini keçə bilər.
Almaniyanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun iqtisadçısı Yanis Klugenin hesablamalarına görə, 2026-cı ilin ilk rübündə Rusiya ordusuna gündəlik cəlbetmə 800–1000 nəfərə düşüb (ötən il 1000–1200 idi). Bu isə təxminən 20%-lik azalma deməkdir. Regionlar planları yerinə yetirə bilmir, könüllü toplama ilə bağlı tapşırıqları icra etməyən məmurlar cəzalandırılır. Regionlar planları yerinə yetirə bilmədiyi üçün, tələbələrin cəlbi də gündəmə gəlib. Lakin bu kampaniya uğursuz sayılır.
Ekspertlər bildirirlər ki, getdikcə daha çox insan anlayır ki, müharibədən qayıtmayacaq. İnsanlar ya həlak olmaq, ya da ağır xəsarətlə qayıtmaq riskini görür və buna görə müharibədən yayınır. Bu isə hakimiyyəti yeni üsullar axtarmağa vadar edir. Tələbələr üçün akademik qaydaların sərtləşdirilməsi də bununla bağlıdır.
Ekspertlər hesab edir ki, bu, açıq şəkildə kadr böhranının əlamətidir. Rəsmi səfərbərlik elan olunmasa da, çağırış sisteminin o qədər intensivləşdirilməsi mümkündür ki, faktiki olaraq bu, gizli səfərbərlik effekti yaradacaq.
Eyni zamanda Ukrayna dron müharibəsində üstünlüyünü artırır. Ukrayna həm cəbhədə, həm də Rusiya ərazisinin dərinliklərinə zərbələrdə pilotsuz aparatların istifadəsini genişləndirib, onların uçuş məsafəsi və texniki imkanları artıb. Son aylarda Rusiya dərinliklərində yerləşən neft-kimya müəssisələri, limanlar, hərbi məhsullar istehsal edən zavodlar Ukrayna ordusunun dron və raket zərbələri ilə ciddi zərər görüb.
“AzPolitika.info”

Şərhlər