Ermənistan hüquq-mühafizə orqanları Kremlin adamı kimi tanınan milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının 15 tərəfdarını saxlayıb.
“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, partiya fəalları indidən seçicilərin səsini pulla almağa başlayıblar. Xatırladaq ki, parlament seçkiləri Ermənistanda iyun ayında keçiriləcək.
Partiyanın sözçüsü Marianna Kaqramanyanın sözlərinə görə, saxlanılanlar arasında əsasən partiyanın Artaşat şöbəsinin nümayəndələri var.
Hüquq-mühafizə orqanları “Güclü Ermənistan”ın müxtəlif ofislərində axtarış aparıb. Vəkillər bildiriblər ki, onlara Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin binasına girməyə icazə verilməyib. Saxlanılanlar arasında partiyanın Artaşat ofisinin rəhbəri Hasmik Əmirzadyan da var. Onlar seçki dövründə xeyriyyə ianələrinə qoyulan qanuni qadağanı pozmaqda şübhəli bilinirlər.
14 apreldə artıq partiyanın iki nümayəndəsi oxşar ittihamlarla saxlanılıblar. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bildirib ki, partiya nümayəndələri 7 iyun parlament seçkilərində səs verməyi planlaşdıran Ermənistan sakinlərinə "xeyriyyəçilik adı altında pul paylayıb”.
"Güclü Ermənistan" Samvel Karapetyan dövlət çevrilişinə təhrik etməkdə ittiham olunduqdan sonra onun təşəbbüsü ilə yaradılan partiyadır. Hazırda ev dustaqlığında olan milyarder qarşıdan gələn iyun seçkilərində baş nazir vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır.
“AzPolitika.info”

Şərhlər