ABŞ-nin maksimalist tələbləri İranla birbaşa danışıqların növbəti raundunun keçirilməsinə mane olur.
"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində "Associated Press"ə müsahibəsində bildirib.
O, Ağ Ev rəhbəri Donald Trampın bəyanatlarını təkzib edərək İranın öz zənginləşdirilmiş uranını ABŞ-yə verməyəcəyini qeyd edib.
"Sizə deyə bilərəm ki, zənginləşdirilmiş uran Birləşmiş Ştatlara göndərilməyəcək. Bu heç müzakirə də olunmur, biz çox şeyi müzakirə etməyə hazırıq, ancaq bu məsələdə güzəştə getməyəcəyik", - nazir müavini vurğulayıb.
Xətibzadə həmçinin ABŞ-ni İrana həddindən artıq tələblər irəli sürməkdə ittiham edib.
"Biz real görüşə (birbaşa danışıqlara - red.) hələ hazır deyilik, çünki elə məsələlər var ki, amerikalılar bu barədə öz maksimalist mövqelərindən əl çəkməyiblər", - o bildirib və əlavə edib ki, İran əyani görüşə keçməzdən əvvəl çərçivə sazişi bağlamağa çalışır.
İran rəsmisi tərəflər arasındakı mübahisəli məsələləri sadalamayıb, lakin Vaşinqtonu İrana qarşı tətbiq edilən sanksiyalarla bağlı narahatlığı nəzərə almağa çağırıb, bunu ölkəsinə və onun xalqına qarşı "iqtisadi terror" adlandırıb.
Atəşkəs rejiminə baxmayaraq, İsrailin Livana hücumlarının yenidən başlamasına İranın reaksiya verib-verməyəcəyi ilə bağlı suala Xətibzadə belə cavab verib: "İranın təcavüzü birdəfəlik dayandırmaqdan başqa seçimi yoxdur".

Şərhlər
Öz Konstitusiyası və digər dövlətlərə toxunulmaz Sülh vədli yeni Ağ Ev digər dövlətlərdən nələri və necə iddia edəcəyini özü belə heç bir hüququ toxunulmazlıq nizamına uyğun gəlmədiyini aşkar duymaqdar! Fələstinə razılıqlı sərhəddi daxilində bərpa və Sülh vədi vermiş Ağ Ev de fakto İran hədəfinə azdırılıb?