Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Krımda Rusiya Qara dəniz donanmasına məxsus iki böyük desant gəmisinə zərbə endirildiyini açıqlayıb.
Məlumata görə, aprelin 18-dən 19-na keçən gecə GUR-un “Prizraklar” adlı xüsusi təyinatlı bölməsi müvəqqəti işğal altında olan Krımda əməliyyat keçirib. Hücum nəticəsində Sevastopol buxtasında yerləşən Rusiya donanmasına məxsus iki böyük desant gəmisi – “Yamal” və “Nikolay Filçenkov” vurulub.
Kəşfiyyatın açıqlamasında bildirilir ki, zərbə zamanı hər iki gəmi Sevastopol limanında dayanmış vəziyyətdə olub.
Məlumatda qeyd olunur ki, “Yamal” (layihə 775) 1988-ci ildə istehsal edilib, uzunluğu 112,5 metrdir və 500 tona qədər yük, o cümlədən zirehli texnika və desant daşımaq qabiliyyətinə malikdir. Gəminin təxmini dəyərinin 80 milyon dollardan artıq olduğu bildirilir.
“Нikolay Filçenkov” (layihə 1171) isə 1975-ci ildə istehsal olunub və 1000 tona qədər yük götürə bilir. Bu gəmi onlarla zirehli texnika və geniş desant kontingenti daşımaq imkanına malikdir. Onun dəyərinin 70 milyon dollardan çox olduğu qeyd edilir.
Ukrayna tərəfi hər iki gəminin hücum nəticəsində sıradan çıxarıldığını bildirir. Rusiya tərəfi isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
“AzPolitika.info”

Şərhlər