Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol diyarında terror aktı hazırlığı ilə bağlı əməliyyat keçirdiyini açıqlayıb.
Xüsusi xidmət orqanının yaydığı məlumata görə, aprelin 20-də Pyatiqorsk şəhərində 57 yaşlı Almaniya vətəndaşı saxlanılıb. Rusiya xüsusi xidmət orqanları iddia edir ki, o, hüquq-mühafizə orqanlarına məxsus obyektlərdən birində partlayış törədilməsi planının icrasında iştirak edib.
Açıqlamada bildirilir ki, qadının çantasında partlayıcı qurğu olub və bu qurğu radioelektron mübarizə vasitələri ilə “zərərsizləşdirilib”. Lakin FTX onun partlayıcıdan xəbərsiz olduğunu və “aldadılaraq istifadə edildiyini” iddia edir. Qurğunun gücünün 1,5 kiloqram trotil ekvivalentində olduğu qeyd olunur.
Həmçinin əməliyyat çərçivəsində Orta Asiya ölkələrindən birinin vətəndaşı da saxlanılıb. O, uzaqdan idarə olunan partlayışın həyata keçirilməsində iştirak etməkdə şübhəli bilinir.
FTX tərəfindən yayılan videoda qadının saxlanılması və çantadakı qurğunun partladılması əks olunub. Rusiya tərəfi saxlanılan şəxslərin etiraf ifadələri verdiyini iddia etsə də, onların kimliyi açıqlanmayıb və bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Vladimir Putin və Rusiya rəsmiləri daha əvvəl də Ukraynanı insanları “xəbərsiz şəkildə” terror aktlarında istifadə etməkdə ittiham etmişdilər. Bu iddialar arasında Moskva şəhərində polis əməkdaşının ölümünə səbəb olan partlayış da göstərilir.
Rusiya və Almaniya tərəfi, eləcə də Ukrayna bu son iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
“AzPolitika.info”

Şərhlər