Rusiya ilə Hindistan hərbi əməkdaşlıq çərçivəsində bir-birinin ərazisinə göndərilə biləcək hərbi qüvvələrin sayına dair maksimum həddi razılaşdırıb.
“AzPolitika” xəbər verir ki, müvafiq müddəalar Rusiyanın rəsmi hüquqi aktlar portalında dərc olunan sənəddə əksini tapıb.
Razılaşmaya əsasən, tərəflər hərbi əməkdaşlıq çərçivəsində qarşılıqlı şəkildə göndərilə biləcək qüvvələrin sayını məhdudlaşdırır. İlkin mərhələdə bu rəqəm təxminən 3000 hərbçi - yəni bir briqada səviyyəsində müəyyənləşdirilib.
Moskva bu addımı iki ölkə arasında hərbi əməkdaşlığın hüquqi çərçivəsini genişləndirmək və gələcəkdə qarşılıqlı hərbi iştirak mexanizmini formalaşdırmaq istiqamətində atılmış addım kimi təqdim edir. Analitiklər isə bu cür sənədlərin Rusiya ordusunun şəxsi heyətini müxtəlif formatlarda artırmaq üçün hüquqi baza yarada biləcəyini istisna etmir.
Hazırda Rusiya Silahlı Qüvvələrinin tərkibində Şimali Koreya hərbçilərinin Ukrayna müharibəsi zonasında iştirak etdiyi barədə məlumatlar mövcuddur. Yeni razılaşma isə gələcəkdə digər ölkələrin, o cümlədən Hindistan vətəndaşlarının da müəyyən formatlarda Rusiya hərbi strukturlarında yer ala biləcəyi barədə müzakirələrə səbəb olub.
Bununla paralel olaraq qeyd olunur ki, Hindistandan minlərlə əmək miqrantı artıq Rusiyada müxtəlif sahələrdə çalışır və bu əməkdaşlıq fonunda tərəflər arasında insan resurslarının hərəkəti daha da genişlənə bilər.
Rusiya Prezidenti Vladimir Putin administrasiyası bu sənədin strateji əməkdaşlıq çərçivəsində olduğunu bildirir. Lakin ekspertlər hesab edir ki, razılaşmanın gələcəkdə hərbi-siyasi müstəvidə daha geniş nəticələr doğurması istisna edilmir.
“AzPolitika.info”

Şərhlər