Sloveniya parlament seçkilərindən sonra ölkədə siyasi vəziyyət qeyri-müəyyən olaraq qalır. Baş nazir Robert Golob bəyan edib ki, aparılan danışıqlar nəticəsiz qalıb və hökumət koalisiyasının formalaşdırılması mümkün olmayıb.
90 yerlik parlamentdə Qolobun rəhbərlik etdiyi liberal düşərgə 29 mandat qazanıb. Onun əsas rəqibi, müxalifət lideri Janez Janšanın mühafizəkar partiyası isə 28 mandatla ikinci yerdə qərarlaşıb. Kiçik fərqə baxmayaraq, tərəflər arasında koalisiya razılaşması əldə edilməyib.
Janşa daha əvvəl də koalisiya danışıqlarına tələsmədiyini bildirmişdi və bu mövqeyini yenidən təsdiqləyib.
Sloveniya prezidenti Nataşa Pirc Musar konstitusiyaya uyğun olaraq, parlamentin ilk iclasından sonra 30 gün ərzində baş nazir namizədini təqdim etməlidir. Əgər namizəd parlamentdə çoxluq səsi qazana bilməzsə, yeni namizədin irəli sürülməsi üçün əlavə 10 günlük müddət nəzərdə tutulur.
Siyasi müşahidəçilər hesab edirlər ki, Sloveniya yaxın günlərdə ya yeni koalisiya danışıqları mərhələsinə, ya da alternativ hökumət formalaşdırılması cəhdlərinə şahid ola bilər.
“AzPolitika.info”

Şərhlər