“İndiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3,1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib”.
Bunu APA-ya və ARB24 televiziya kanalına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir qeyd edib ki, minimum əməkhaqqı öz mahiyyətinə görə universal sosial standartdır:
“Tam iş saatı ilə çalışan şəxslərə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının ödənilməsinə qanun icazə vermir. Biz bu standartın tətbiqinə, demək olar ki, həftəlik əsasda nəzarət edirik. Əmək və məşğulluq alt sistemi buna imkan yaradır. Bu proses tam elektron şəkildə həyata keçirilir. Monitorinq tədbirlərimiz çərçivəsində minimum əməkhaqqıdan aşağı əməkhaqqı alan şəxsləri müəyyən etdikdə onların işəgötürənlərinə müvafiq maarifləndirici bildirişlər göndəririk, nəzarət tədbirləri tətbiq edirik. Minimum əməkhaqqı standartı həm dövlət, həm də özəl sektor üçün aktualdır. Sonuncu sosial islahatlar paketi çərçivəsində 700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub. Dövlət sektorunda vahid tarif cədvəli üzrə pillələr var. Ən aşağı pillədə məbləğ artdıqca bütün pillələrə təsir edir. Özəl sektorda da mexanizm, hardasa, eyni qaydadadır. Ümumiyyətlə, minimum əməkhaqqının artımı ölkədə orta aylıq gəlirlərin artımına müsbət təsir edir”.
Qeyd edək ki, geniş müsahibə bu gün 20:45-də APA informasiya agentliyində və ARB24 televiziya kanalında yayımlanacaq.

Şərhlər
Əşi boş-boş danışmayın. Nə iş görürsünüz? Əlinizdədir bir imza ilə həll edə bilərsiniz. Həmişəki kimi yalandan vəd verib camaatı yenə umsuq qoymayın
Minimum əmək haqqı 130 manat olanda dollar 78 qəpik idi benzin 50 qəpik idi dizel 40 qəpik idi çörək 20 qəpik idi bunları da nezere alında.Yaşayışımız elə olduğu kimi di 130 manat minimum əmək haqqı olandada indi 400 manat olanda da heç bir fərq yoxdu