Rusiyanın Krasnodar vilayətində yerləşən Tuapse neft terminalında baş verən yanğını artıq dördüncü gündür söndürmək mümkün olmur. Tüstü Soçi, Qoryaçiy Klyuç və Stavropoladək yayılıb. Ekoloqlar turşu yağışları və region üçün uzunmüddətli nəticələr barədə xəbərdarlıq edirlər.
Bununla yanaşı, operativ qərargahda bildirirlər ki, yanğın söndürüldükdən sonra vəziyyət normallaşacaq. Aprelin 22-də Tuapsedə qara yağış yağıb, ətrafdakı hər şeyi neft məhsullarının yanma məhsulları ilə örtüb. “Rospotrebnadzor” havada benzol, ksilol və hisin yol verilən həddən iki-üç dəfə artıq olduğunu qeydə alıb. Hakimiyyət sakinlərə pəncərələri açmamağı və daha az küçəyə çıxmağı tövsiyə edir.
Tuapse limanında yanğın aprelin 20-nə keçən gecə Ukrayna dronlarının hücumundan sonra başlayıb. Aprelin 23-nə keçən gecə isə Ukrayna Silahlı Qüvvələri Feodosiya limanındakı neft bazasına hücum edib.
“Reuters”in beş mənbəyə istinadən yazdığına görə, Rusiya neft şirkətləri neft limanlarına və NEZ-lərə dron hücumlarına görə hasilatı məcburən azaldırlar. Ekspertlərin proqnozuna görə, apreldə Rusiyada neft hasilatı mart ayı ilə müqayisədə gündəlik 300-400 min barel azalacaq və bu, pandemiya dövründən bəri ən böyük birdəfəlik azalma olacaq.
Rusiyada neft hasilatının gündəlik 300-400 min barel azalması ilə yanaşı mayın 1-dən Rusiya Qazaxıstan neftinin öz ərazisindən Almaniyaya tranzitini dayandırır. Kremlin nümayəndəsi Dmitri Peskov bunu texniki səbəblərlə izah edib və bildirib ki, Qazaxıstanın maraqları qorunacaq, tədarüklər alternativ marşrutlarla təmin olunacaq.
Neft-qaz sektorunun analitiki Boris Aronşteyn qeyd edir ki, Avropa İttifaqı 12 Rusiya NEZ-nə qarşı sanksiyalar tətbiq edib və bu addım Ukraynaya ayrılan 90 milyard avroluq kreditlə paralel qəbul olunub. Onun fikrincə, bu sanksiyalar Ukrayna dronlarının strateji hücumları ilə birlikdə Rusiya enerji infrastrukturunun zəif nöqtələrinə – logistika və anbar sistemlərinə zərbə vurur. O vurğulayır ki, Tuapse NEZ-i ildə 12 milyon ton məhsul istehsal edir və əsasən dizel yanacağı buraxır ki, bu da hərbi ehtiyaclar üçün vacibdir. Buna görə də bu cür hücumlar Rusiya neft məhsulları ixracını daha həssas edir.
Analitik əlavə edir ki, zərbələrin iqtisadi təsiri onların intensivliyindən asılı olacaq. Dalğalar şəklində həyata keçirilən dron hücumları daha effektivdir. Tuapsedə 13 aprel hücumunun nəticələri hələ aradan qaldırılmamış, 20 apreldə yeni zərbə endirilib və bu, zavodun fəaliyyətini ciddi şəkildə iflic edib. Bu strategiya digər enerji obyektlərinə də tətbiq olunur. NEZ-ləri bərpa etmək mümkündür, lakin dəmir yolu estakadaları və boru kəmərləri kimi logistika obyektləri enerji infrastrukturunun ən zəif nöqtələridir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər