Rusiya ordusunun Ukraynaya gecə saatlarında həyata keçirdiyi genişmiqyaslı hücum nəticəsində azı 4 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
“AzPolitika” bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Zelenskinin sözlərinə görə, Rusiya hücum zamanı Ukrayna ərazisinə 660-dan çox pilotsuz uçuş aparatı və raket buraxıb. Zərbələrin əsasən şəhər infrastrukturuna yönəldiyi bildirilir.
Ukrayna lideri qeyd edib ki, bu cür hücumlar beynəlxalq tərəfdaşlara vəziyyətin ciddiliyini bir daha xatırladır: “Belə zərbələr hava hücumundan müdafiə sistemlərinin təcili gücləndirilməsini tələb edir”.
Qeyd edək ki, gecə Rusiya qoşunları Xarkov, Dnepr, eləcə də Ukraynanın Zaporojye və Nikolayev vilayətlərinə bir sıra zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Dnepropetrovsk VHA-nın rəisi Aleksandr Qanjanın məlumatına görə, Dneprə edilən hücumlar nəticəsində 18 nəfər yaralanıb. Həmçinin, dördmərtəbəli yaşayış binası qismən dağılıb.
Xarkov meri İqor Terexov şəhərin Kiyev və Şevçenko rayonlarına da endirilən zərbələr barədə məlumat verib.
"Zərbələrdən biri yaşayış binasının yaxınlığında qeydə alınıb. Nəqliyyat infrastrukturu obyektlərinə ziyan dəyib: ictimai nəqliyyat dayanacağı dağıdılıb və qaz kəməri ziyan görüb", - o deyib.
Xarkovun Nemışlyansk rayonunda pilotsuz uçuş aparatının zərbəsi nəticəsində bir uşaq yaralanıb.
Zaporojye vilayətində bir sutka ərzində 43 yaşayış məntəqəsinə 555 atəş qeydə alınıb. Xüsusilə, 25 aviazərbə, dronlarla 357 hücum, Yaylım atəşli reaktiv sistemlərdən 6 atəş və 167 artilleriya zərbəsi endirilib. Yaşayış binalarının, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 69 məlumat daxil olub.
Nikolayev VHA-dan bildirilib ki, region "Shahed" tipli dronların tətbiqi ilə Rusiya hücumlarına məruz qalıb, nəticədə iki qadın xəsarət alıb.
Məlumata görə, gecə kamikadze dronları ilə Odessaya da hücum edilib. Yaşayış binalarına zərbələr qeydə alınıb. İki nəfər ölüb, yaralılar var.
“AzPolitika.info”

Şərhlər