Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub. Hər iki tərəf qarşılıqlı olaraq 193 nəfəri azad edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi və Ukrayna Prezidenti Volodimir Zelenski demək olar ki, eyni vaxtda məlumat yayıb.
Rusiya tərəfi bildirib ki, mübadilə Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilib. Nazirliyin açıqlamasına görə, proses Belarus ərazisində baş tutub və azad edilən rusiyalı hərbçilər hazırda oradadır.
Ukrayna Prezidenti Zelenski isə qeyd edib ki, azad olunanlar arasında hərbçilərlə yanaşı, Milli Qvardiya üzvləri, sərhədçilər və polis əməkdaşları da var. Onların arasında yaralı şəxslər, həmçinin Rusiyada barələrində cinayət işləri açılmış şəxslər də mövcuddur.
Məlumata görə, tərəflər arasında əsir mübadiləsi və həlak olanların cəsədlərinin qaytarılması ilə bağlı təmaslar davam edir. Bu, rəsmi sülh danışıqları aparılmasa da, humanitar istiqamətdə əlaqələrin saxlanıldığını göstərir.
Qeyd edək ki, əvvəlki əsir mübadiləsi aprelin 11-də həyata keçirilmişdi. Ümumilikdə müharibə dövründə tərəflər arasında 20-dən çox belə mübadilə baş tutub.
“AzPolitika.info”

Şərhlər