1986-cı ildə baş vermiş Çernobıl AES qəzasının 40-cı ildönümü münasibətilə ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bəyanatda nüvə təhlükəsizliyinin əhəmiyyəti vurğulanıb, faciə qurbanlarının xatirəsi yad edilib.
Dövlət Departamentinin nümayəndəsi Tomas Piqott bildirib ki, Çernobıl faciəsi dünya ictimaiyyətinin nüvə təhlükəsizliyinə baxışını kökündən dəyişib. Onun sözlərinə görə, ABŞ bu qəzanın nəticələrinin aradan qaldırılmasına dəstək verib və bu gün də həm həmin ərazidə, həm də qlobal səviyyədə nüvə təhlükəsizliyinə xüsusi diqqət ayırır.
O qeyd edib ki, nüvə enerjisi şəffaflıq prinsiplərinə sadiq olan məsul tərəflərin nəzarətində qalmalıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ildönümü ilə bağlı açıqlamasında Rusiyanı ittiham edib. O bildirib ki, Moskva apardığı müharibə ilə dünyanı yenidən texnogen fəlakət həddinə yaxınlaşdırır. Zelenski xatırladıb ki, ötən il Rusiya pilotsuz uçuş aparatı dağıdılmış reaktoru örtən sarkofaqa zərbə endirib.
“Dünya bu nüvə terrorizminin davam etməsinə imkan verməməlidir”, – deyə o vurğulayıb.
Ukraynanın Baş naziri Yuliya Sviridenko də Rusiyanı nüvə təhlükəsizliyi prinsiplərini pozmaqda günahlandırıb. Onun sözlərinə görə, Zaporojye AES-nin işğalı və davamlı atəşə tutulması qitə miqyasında risklər yaradır.Sviridenko qeyd edib ki, Çernobıl faciəsi totalitar rejimlərin enerji təhlükəsizliyi üçün yaratdığı təhlükələrin davamlı xatırlatmasıdır.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas isə bildirib ki, Rusiyanın Zaporojye AES-i qeyri-qanuni şəkildə ələ keçirməsi insan həyatı və ətraf mühit üçün təhlükəni əhəmiyyətli dərəcədə artırır. O, həmçinin Çernobıldakı qoruyucu sarkofaqa zərbələri “misli görünməmiş məsuliyyətsizlik” adlandırıb.
Moldova prezidenti Maya Sandunun da Kiyevdə səfərdə olduğu və Çernobılı ziyarət edərək faciə qurbanlarının xatirəsini yad etməyi planlaşdırdığı bildirilib. Sandu vurğulayıb ki, fəlakətlər sərhəd tanımır və həmrəylik də sərhədsiz olmalıdır.
“AzPolitika.info”

Şərhlər