Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İsraili öz limanlarında Rusiyanın işğal olunmuş Ukrayna ərazilərindən çıxardığı iddia olunan taxılın boşaldılmasına icazə verməməyə çağırıb. O, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, İsrailin Hayfa limanına daxil olan və “Panormitis” adlı gəmi kimi tanınan yük gəmisinin Rusiyanın “kölgə donanması”na aid olduğu ehtimal edilir və bu gəmi işğal olunmuş ərazilərdən çıxarılan buğdanı daşıyır. O qeyd edib ki, Ukrayna tərəfi daha əvvəl – aprelin 14-də də bu məsələ ilə bağlı İsraildən izahat tələb edib.

Məlumata görə, İsrail bu il artıq Rusiyanın Ukraynadan çıxardığı taxıl olduğu iddia edilən dörd gəmini qəbul edib.

Ukraynalı diplomatlar “Reuters” və “Axios”a bildiriblər ki, əgər İsrail sözügedən gəminin Hayfa limanında boşaldılmasına icazə versə, Kiyev diplomatik və hüquqi addımlar ata bilər. “Biz bütün diplomatik və beynəlxalq hüquqi vasitələrdən istifadə etmək hüququnu özümüzdə saxlayırıq”, – deyə mənbələr vurğulayıb. Onlar həmçinin qeyd ediblər ki, “oğurlanmış malların yuyulması praktikası qəbuledilməzdir” və İsrail əvvəlki oxşar hallarda Ukraynanın tələblərini nəzərə almayıb.

Andrey Sibiqa daha sonra sosial şəbəkədə yazıb ki, Ukrayna–İsrail münasibətləri hər iki tərəf üçün faydalı ola bilər, lakin Rusiyanın oğurlanmış taxılının qanunsuz ticarəti bu əlaqələrə zərər vurar. Nazir İsrailin əvvəlki gəmi ilə bağlı Ukraynanın sorğusuna adekvat reaksiya vermədiyini də vurğulayıb. O əlavə edib ki, Ukrayna artıq İsrailin Kiyevdəki səfirini XİN-ə çağıraraq etiraz notası təqdim edəcək.

İsrailin xarici işlər naziri Gideon Saar isə buna cavab olaraq bildirib ki, diplomatik münasibətlər sosial şəbəkələr üzərindən qurulmur. O qeyd edib ki, səsləndirilən ittihamlar sübut deyil və Ukrayna tərəfi hələlik bu iddiaları təsdiqləyən faktlar təqdim etməyib.

Nazir əlavə edib ki, məsələ araşdırılacaq və İsrail qanunun aliliyinə əsaslanan dövlət kimi müvafiq hüquq-mühafizə orqanları vasitəsilə qərar verəcək.

“AzPolitika.info”