Rusiyanın Tuapse şəhərində yerləşən və “Rosneft” şirkətinə məxsus neft emalı zavodunda baş verən yanğın hələ də davam edir. Hadisə aprelin 28-nə keçən gecə pilotsuz uçuş aparatlarının hücumundan sonra başlayıb.
Bölgəyə Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov gəlib. "Azadlıq" Radiosunun Rusiya xidmətinin məumatına görə, o, Krasnodar diyarının operativ qərargahında keçirdiyi brifinqdə neft sızmasının nəticələrinin aradan qaldırılması üçün görülən tədbirlərin yetərli olmadığını bildirib.
Lakin eyni müşavirə ilə bağlı operativ qərargahın rəsmi “Telegram” kanalında bu fikirlər yer almayıb. Əksinə, orada Kurenkovun qüvvə və vasitələrin kifayət etdiyi barədə açıqlaması təqdim olunub.
Aprelin 28-də keçirilən müşavirədən sonra səhər saatlarında yerli hakimiyyət orqanları yanğının lokallaşdırıldığını açıqlayıb. Bununla belə, nazirin qiymətləndirməsindən sonra hadisə yerində çalışan qüvvələrin sayı iki dəfə artırılıb – 160 nəfərdən 312 xilasediciyə çatdırılıb.
Böyük miqyaslı yanğına və ətrafa yayılan zəhərli tüstüyə baxmayaraq, fövqəladə vəziyyət rejimi yalnız Tuapse rayonunda tətbiq olunub.
Rəsmi məlumata görə, hazırda yanan neft axınlarının şəhər küçələrinə yayılması dayandırılıb. Dənizə çirklənmənin qarşısını almaq üçün əraziyə 5 kilometr uzunluğunda xüsusi qoruyucu bəndlərin gətiriləcəyi açıqlanıb. Hazırda Tuapse çayı boyunca artıq 9 sıra qoruyucu sədd qurulub.
Hadisə yerində dalğıclar dənizin dibini yoxlamağa başlayır. Sahildə isə təxminən 300 nəfər çirklənmiş torpaq və su-mazut qarışığının təmizlənməsi ilə məşğuldur.
Qeyd edək ki, Tuapse neft emalı zavodu bundan əvvəl də aprelin 16 və 20-də baş verən hücumlardan sonra zədələnmişdi. Həmin hadisələr nəticəsində dəniz sahillərinə neft məhsulları yayılmış, bölgədə “neft yağışı” kimi təsvir edilən hallar qeydə alınmışdı.
“AzPolitika.info”

Şərhlər