Xəbər verdiyii kimi, ABŞ müharibə naziri Pit Heqset Konqresdəki dinləmələr zamanı Ukrayna üçün nəzərdə tutulan, lakin bu vaxta qədər ləngidilən 400 milyon dollarlıq hərbi yardımın blokdan çıxarıldığını rəsmən elan edib.

“AzPolitika” xəbər verir ki, nüfuzlu "Bloomberg" və "The Hill" nəşrlərinin məlumatına görə, Heqset dünəndən etibarən bu vəsaitlərin Avropa ölkələrinin müdafiə potensialının gücləndirilməsi və Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində sərbəst buraxıldığını qeyd edib..

Müdafiə nazirinin müavini Culs Herst bildirib ki, vəsaitlər konkret silah müqavilələrinin bağlanması üçün ayrılıb. Onların nə vaxt Ukrayna cəbhəsində olacağı isə "Kiyevin bu pullarla nə alacağından asılıdır".

Pentaqon bu yardımı ABŞ-ın Avropa Komandanlığının (EUCOM) tövsiyələri əsasında ən səmərəli şəkildə istifadə etməyi planlaşdırır.

Konqresdə keçirilən dinləmələr zamanı demokrat konqresmen Sara Elfreth Ukraynanın ABŞ üçün əhəmiyyətini gözlənilməz bir kontekstdə xatırladıb. O qeyd edib ki, Ukrayna hazırda ABŞ və tərəfdaşlarına təhdid yaradan İran dronlarını zərərsizləşdirməklə, bəlkə də Yaxın Şərqdəki müttəfiqlərdən daha çox iş görür. Məlumatlara görə, Ukraynanın antidron sistemləri hazırda Səudiyyə Ərəbistanındakı "Prins Sultan" aviabazasının qorunmasında aktiv iştirak edir.

Lakin bu yardıma baxmayaraq, Kiyevdə narahatlıq pik həddədir. Ukrayna Prezidenti Volodimir Zelenski aprelin əvvəlində bəyan etmişdi ki, ABŞ və İsrailin İranla uzanan savaşı Ukraynanı arxa plana atıb: "Etiraf etməliyik ki, bu gün biz prioritet deyilik. Əgər İran savaşı bitməsə, Ukraynaya verilən onsuz da kiçik paketlər hər gün daha da azalacaq".

Məlum olur ki, Donald Tramp administrasiyası Ukraynaya birbaşa, pulsuz silah tədarükünü minimuma endirib. Hazırda silah tədarükü əsasən PURL təşəbbüsü çərçivəsində həyata keçirilir. Yəni Avropalı tərəfdaşlar silahları satın alır və Kiyevə ötürür. ABŞ əsasən kəşfiyyat isə məlumatlarının ötürülməsi və logistik dəstəklə kifayətlənir.

Bu 400 milyon dollarlıq yardımın ayrılması Pentaqonun "toz basmış" vəsaitləri hərəkətə gətirməsi kimi görünsə də, əslində Tramp administrasiyasının Ukrayna siyasətindəki köklü dəyişikliyi göstərir. Vaşinqton artıq Ukraynanı birbaşa maliyyələşdirməkdən qaçır və yükü Avropanın çiyinlərinə qoyur. 

Zelenskinin qeyd etdiyi "prioritetlərin dəyişməsi" isə Ukrayna üçün ən böyük risk faktorudur – çünki Yaxın Şərqdəki alovlanan münaqişə Pentaqonun bütün resurslarını həmin istiqamətə yönəltməsinə səbəb olur.

Rasim Əliyev

“AzPolitika.info”