Ermənistan hökuməti aprelin 30-da ABŞ prezidenti Donald Trampın təsis etdiyi Qəzza Sülh Şurasının əsasnaməsini təsdiqləyib.
Xatırladaq ki, Ermənistan və Azərbaycan da daxil olmaqla bir sıra ölkə liderləri əsasnaməni yanvarda Davosda Trampın iştirakı ilə imzalamışdı.
Şuranın əsasnaməsində deyilir ki, ölkələr 1 milyard ABŞ dolları ödəməklə şuraya həmişəlik üzv ola bilərlər. Ödəməyənlər isə yalnız 3 il müddətinə üzv kimi qalacaqlar.
Ermənistan Baş naziri Nikol Paşinyan həmin gün keçirdiyi brifinqdə jurnalistin sualına cavab olaraq deyib ki, ölkənin ödəniş etmək öhdəliyi olmasa da, maliyyə yardımı edəcək.
"Mən düşünürəm ki, Ermənistan Respublikası artıq hər yerə gedib boynu bükük duran bir “kasıb qohum” statusundan çıxmalıdır. Biz şurada iştirak edirik və öz imkanlarımız daxilində töhfə verməliyik. Ermənistanın heç bir öhdəliyi yoxdur, amma hesab edirəm ki, biz iştirak etməliyik və edəcəyik", - baş nazir bildirib.
Qəzza Sülh Şurasının əsasnaməsini ümumilikdə 16 ölkə imzalayıb.
Sülh Şurası İsrailin iki il apardığı müharibədən sonra Qəzzanın idarəetməsinə nəzarət etmək üçün yaradılıb. Bu, Tramp administrasiyasının Qəzza üçün hazırladığı 20 maddəlik sülh planında nəzərdə tutulub. Sülh Şurasına Tramp sədrlik edəcək.
“AzPolitika.info”

Şərhlər