Rəsmi Kiyev ABŞ Prezidenti Donald Trampla Vladimir Putin arasında telefon danışıqlarına əvvəlki qədər diqqət yetirmir. 

“AzPolitika” xəbər verir ki, bu barədə məlumat verən “The New York Times” qəzetinin yazdığına görə, 2025-ci ildə bu cür təmaslar Ukrayna üçün potensial təhlükə sayılsa da, indi artıq laqeydliklə qarşılanır. 

Son Putin-Tramp telefon söhbətindən sonra Prezident Volodimir Zelenski sadəcə əməkdaşlarına onun məzmunu ilə bağlı araşdırma aparmaq göstərişi verib. Əvvəlki kimi Vaşinqtonla ayrıca danışıqlara və ya müttəfiqlərlə məsləhətləşmələrə başlamayıb. Əvvəllər bu cür addımlar Kiyevin iştirakı olmadan ABŞ və Rusiya arasında təmaslardan sonra standart təcrübə idi.

Yanaşmanın dəyişməsinin səbəbi nəticənin olmamasıdır. Bir ildən çoxdur ki, Trampla Putin arasında on bir söhbət olub, lakin bunların heç biri sülhü  yaxınlaşdırmayıb.

Ukrayna parlamentinin Xarici İşlər Komitəsinin sədri Aleksandr Merejka bununla bağlı açıq şəkildə deyib: "Artıq bu cür zənglərə o qədər də əhəmiyyət vermirik, çünki onlar heç bir konkret nəticə vermir."

ABŞ seçkilərindən sonra ukraynalılar ümidlərini Trampın iştirakı ilə müharibənin tez bir zamanda başa çatmasına bağlasalar da, indi əksəriyyət artıq bu cür əlaqələrin effektiv olacağına inanmır. Kiyevdə liderlər arasında təkrarlanan zəng xəbərləri getdikcə cəbhədəki vəziyyətə heç bir təsir göstərməyən adi bir rəsmiyyət kimi qəbul edilir.

Buna baxmayaraq, Ukrayna əsas tərəfdaş kimi ABŞ-ni gözardı edə bilməz. Kiyev Vaşinqtonla işgüzar münasibətləri saxlayır və qısamüddətli atəşkəs də daxil olmaqla müəyyən diplomatik təşəbbüsləri dəstəkləyə bilər. Eyni zamanda, hökumət vurğulayır ki, bu cür addımlar real irəliləyişlərə inamdan daha çox siyasi məqsədlərə xidmət edir. 

Məqalədə deyilənlərin doğru olduğunu göstərən daha bir əlamət budur ki, Tramp və Putin arasındakı son söhbətdən cəmi  bir neçə saat sonra Ukrayna qüvvələri Rusiya ərazisindəki neft obyektlərinə PUA zərbələri endirdi…

“AzPolitika.info”