Rusiya mayın 1-dən etibarən Qazaxıstan neftinin “Drujba” əsas neft kəməri ilə Almaniyaya tranzitini dayandırır.

“AzPolitika” xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin rəsmi sözçüsü Assel Serikpayeva məlumat yayıb. Bundan öncə Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə deyib ki, "bu, mövcud texniki imkanlarla bağlıdır". Onun sözlərinə görə, “Drujba” kəməri ilə Almaniyaya nəql edilən Qazaxıstan nefti mayın 1-dən etibarən digər mövcud logistika marşrutlarına yönəldiləcək.

Assel Serikpayeva isə qeyd edib ki, “Drujba” kəməri vasitəsilə nəqlin dayandırılması səbəbindən ölkə may ayında 260 min ton nefti alternativ marşrutlara - Ust-Luqa limanına (Baltik dənizi) və Xəzər Boru Kəməri Konsorsiumuna (XBKK) ayıracaq: “Mövcud nəqliyyat infrastrukturu Qazaxıstana sabit ixracı və qlobal bazarlara xammalın fasiləsiz tədarükünü tam təmin etməyə imkan verir".

“AzPolitika.info”