ABŞ Prezidenti Donald Tramp administrasiyası 2027-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsində Ukraynaya ayrılan hərbi yardım proqramını – Ukraine Security Assistance Initiative (USAI) nəzərdə tutmayıb. Bu barədə ABŞ Müharibə Nazirliyinin maliyyə rəhbərinin vəzifəsini icra edən Culs Herst Senatda dinləmələr zamanı məlumat verib.

Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı Herst senatorların “büdcədə USAI üçün vəsait ayrılmayıbmı” sualını faktiki olaraq təsdiqləyib.

Qeyd edək ki, bu proqram 2016-cı ildən Ukraynaya hərbi dəstəyin əsas mexanizmlərindən biri hesab olunurdu.

Bununla yanaşı, ABŞ-nin 2027-ci il üçün ümumi müdafiə xərclərinin təxminən 1,5 trilyon dollar təşkil edəcəyi bildirilir. Bu göstərici rekord səviyyə olmaqla, hazırkı xərclərdən təxminən 50 faiz çoxdur. Büdcə ilə bağlı yekun qərarın Konqres tərəfindən yeni maliyyə ilinin başlanğıcınadək – 1 oktyabra qədər qəbul ediləcəyi gözlənilir.

ABŞ mediasının məlumatına görə, Vaşinqtonun İran əleyhinə hərbi əməliyyatları böyük maliyyə yükü yaradıb. “CBS News”-un yazdığına əsasən, fevralın 28-dən bəri “Epik qəzəb” əməliyyatı çərçivəsində xərclər təxminən 50 milyard dollara çatıb.

Maraqlıdır ki, Pentaqonun əvvəl açıqladığı 25 milyard dollarlıq rəqəmə məhv edilmiş texnika və hərbi obyektlərə dəyən ziyan daxil edilməyib. Xərclərin əsas hissəsinin isə döyüş sursatlarının bərpasına yönəldiyi qeyd olunur.

Bundan başqa, ABŞ ordusunun azı 24 ədəd “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını itirdiyi bildirilir. Hər birinin qiyməti 30 milyon dollardan başlayır. Ekspertlər bildirir ki, yaranan itkilərin və boşalan hərbi ehtiyatların bərpası illər çəkə bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski isə vəziyyətlə bağlı narahatlığını gizlətmir. O bildirib ki, ABŞ və İsrailin İranla uzunmüddətli qarşıdurması Vaşinqtonun Kiyevə dəstəyini zəiflədə bilər.

Zelenskinin sözlərinə görə, Ukrayna onsuz da kifayət qədər “Patriot” hava hücumundan müdafiə sistemləri və raketlər ala bilməyib. Müharibə uzandıqca isə yardım paketlərinin daha da kiçiləcəyi ehtimal olunur.

Bu fonda Ukrayna bir sıra Avropa ölkələri – Finlandiya, İtaliya, Norveç, İsveç və Böyük Britaniya ilə birlikdə müdafiə satınalmaları üzrə yeni koalisiya formalaşdırıb.

“AzPolitika.info”