Gələn çərşənbə axşamı İrəvan şəhərində keçiriləcək ilk Ermənistan–Avropa İttifaqı (Aİ) sammitinin yekununda tərəflərin münasibətləri gücləndirmək niyyətini bəyan edəcəyi gözlənilir. Lakin qəbul olunacaq birgə bəyanatda Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü məsələsinə toxunulmayacaq.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, sənəd layihəsində Aİ Ermənistanla əlaqələri möhkəmləndirmək, ölkənin dayanıqlığını artırmaq, islahat gündəliyini dəstəkləmək və uzunmüddətli inkişafına yardım göstərmək öhdəliyini bir daha təsdiqləyir. Sənəddə Ermənistanın Aİ-yə yaxınlaşdırılmasının vacibliyi vurğulansa da, üzvlük perspektivi ilə bağlı konkret öhdəliklər yer almır.
Xatırladaq ki, təxminən üç il əvvəl Ermənistanın Baş naziri Nikol Pashinyan Avropa Parlamentində çıxışı zamanı ölkəsinin Aİ-yə mümkün qədər yaxınlaşmağa hazır olduğunu bildirmişdi. Ötən il isə Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun qəbul etmişdi. Buna baxmayaraq, İrəvana gələcək Avropa liderlərinin bu istiqamətdə konkret öhdəlik götürməsi gözlənilmir. Bunun əvəzində Brüsselin Ermənistan üçün mühüm hesab olunan viza liberallaşdırılması istiqamətində “əhəmiyyətli irəliləyiş” elan edəcəyi gözlənilir. Bu proses bir neçə mərhələdən ibarətdir və islahatların davam etdirilməsi halında Ermənistan vətəndaşlarının 3–4 ildən sonra, yəni onilliyin sonuna doğru Şengen zonasına vizasız səfər edə biləcəyi ehtimal olunur.
Sənəddə yeni maliyyə yardımı ilə bağlı konkret vədlər də yer almır. Yalnız əvvəllər açıqlanmış 270 milyon avro və “Qlobal keçid” (Global Gateway) strategiyası çərçivəsində layihələr vasitəsilə əldə edilə biləcək 2,5 milyard avroya istinad edilir. Bununla yanaşı, Aİ liderlərinin Avropa biznesini Ermənistana sərmayə qoymağa çağıracağı gözlənilir.
Müzakirə olunan əsas layihələrdən biri Qara dənizin dibi ilə elektrik enerjisi ötürəcək kabel xəttidir. Bu layihə vasitəsilə Cənubi Qafqazın enerji şəbəkəsinin Aİ ilə birləşdirilməsi və regiondan Avropaya elektrik ixracı planlaşdırılır. Layihə uzun müddətdir müzakirə olunsa da, hələ icrasına başlanmayıb.
Sammitdə Aİ liderlərinin Azərbaycanla sülh prosesinə dəstəyini bir daha ifadə edəcəyi gözlənilir. Lakin birgə bəyanat layihəsində Qarabağdan köçmüş ermənilərin hüquqları və ya Bakıda saxlanılan şəxslərlə bağlı məsələlərə toxunulmur.
Sənəddə həmçinin vurğulanır ki, Ermənistanın gələcəyi ölkə vətəndaşları tərəfindən azad və demokratik şəkildə, xarici təzyiq olmadan müəyyən edilməlidir. Bu bəyanatın iyunun 7-də keçiriləcək parlament seçkilərindən bir ay əvvəl qəbul olunacağı diqqət çəkir.
İlk dəfə keçiriləcək bu sammitdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa Şurasının Prezidenti António Koşta, həmçinin NATO-nun Baş katibi və Kanadanın Baş naziri iştirak edəcəklər. Görüşdə İran və Ukrayna ətrafındakı vəziyyət də daxil olmaqla beynəlxalq məsələlər əsas müzakirə mövzularından biri olacaq.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər