Rusiya ordusu mayın 5-nə keçən gecə Ukraynanın bir neçə vilayətində dəmir yolu və enerji infrastrukturuna zərbələr endirib. Hücumlar nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Ukrayna Baş nazirinin bərpa məsələləri üzrə müavini Aleksey Kuleba bildirib ki, zərbələr Poltava, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb. Onun sözlərinə görə, Poltava vilayətində Rusiya pilotsuz uçuş aparatı dəmir yolu xətləri arasınd, teplovozun yaxınlığına düşüb. Partlayış nəticəsində yanğın baş verib, vaqon zədələnib, lakin xəsarət alan olmayıb.

Poltava vilayət hərbi administrasiyasının rəhbəri Vitaliy Dyaqovnich isə qeyd edib ki, region raket və dron hücumlarına məruz qalıb. Poltava rayonunda sənaye müəssisəsi və dəmir yolu infrastrukturu zədələnib, nəticədə 3480 abonent qazsız qalıb.

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb ki, son məlumata görə, hücumlar nəticəsində 5 nəfər həlak olub, 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar arasında iki xilasedicinin də olduğu bildirilir. Prezidentin sözlərinə görə, Rusiya qüvvələri yanğının söndürülməsi zamanı hadisə yerinə təkrar zərbə endirib. Həlak olanlar arasında Ukrayna Qəhrəmanı Viktor Kuzmenkonun da olduğu vurğulanıb.

Dnepropetrovsk vilayətində dəmir yolu stansiyasına zərbə endirilib, nəticədə relslərdə olan elektrovoz zədələnib. İşçilərin əvvəlcədən xəbərdar edildiyi və sığınacaqlarda olduqları üçün xəsarət alan olmayıb.

Xarkov vilayətində isə pilotsuz aparat dəmir yolu vaqonunu məhv edib. Rəsmi məlumata görə, monitorinq sisteminin işləməsi nəticəsində personal vaxtında sığınacağa keçib və itki qeydə alınmayıb.

Bununla yanaşı, Kiyev vilayətinin Brovar rayonunda yaşayış sektoruna zərbə endirilib, nəticədə iki nəfər yaralanıb. Vışqorod rayonunda isə sənaye obyektində yanğın baş verib, bir nəfər xəsarət alıb.

Çerniqov vilayətində yaşayış məntəqələrindən birində ev yanıb, iki nəfər xəstəxanaya yerləşdirilib. Həmçinin meşə təsərrüfatı ərazisində baş verən yanğın söndürülüb.

Səhər saatlarında Xarkov şəhərinə də zərbələr endirilib. Vilayət rəhbəri Oleh Sinequbov bildirib ki, müxtəlif rayonlarda ümumilikdə üç nəfər yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Ukrayna ərazisinə 11 ballistik raket və 164 pilotsuz uçuş aparatı ilə hücum edib. Onlardan yalnız bir raket və 149 PUA-nın zərərsizləşdirildiyi bildirilir. Bu məlumatlar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

Rasim

"AzPoıitika.info"