Keşm adası və Bəndər-Abbas limanının ərazisində bir neçə partlayış səsi eşidilib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Yerli mənbələr Keşm adasında və Bəndər-Abbas limanında partlayış səslərinin eşidildiyini bildirirlər", – məlumatda qeyd olunub.

Partlayış səslərinin dəqiq səbəbi hələlik məlum deyil.

"Bəzi mənbələr iddia edir ki, bu səslərin bir hissəsi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin bəzi gəmilərə Hörmüz boğazından qanunsuz keçidlə bağlı xəbərdarlıq etmək məqsədilə həyata keçirdiyi əməliyyatlarla əlaqədardır.

Bununla belə, səslərin səbəbləri haqqında dəqiq və dolğun məlumat əldə etmək üçün yoxlamalar davam etdirilir", – məlumatda bildirilir.

"İsraildən olan bir mənbə "i24NEWS" telekanalına müsahibəsində vurğulayıb ki, Təl-Əvivin İranda bu axşam baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur", -"Fars" agentliyi məlumat yayıb.

"Eyni zamanda, bəzi digər mənbələr iddia edir ki, partlayış baş verən ərazini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qırıcıları bombalayıb", – məlumatda bildirilir.

Qeyd edək ki, hadisənin bütün aspektlərinin ətraflı araşdırılması və irəli sürülən iddiaların yoxlanılması davam edir.