Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAP) ölkə Prezident Administrasiyasının sabiq rəhbəri Andrey Yermak barədə rəsmi şəkildə cinayət işi üzrə şübhəli şəxs statusu verildiyini açıqlayıb.

NABU-nun yaydığı məlumata görə, “Midas” adlı əməliyyat çərçivəsində Kiyevdə elit yaşayış komplekslərinin tikintisi zamanı 460 milyon qrivnanın qanunsuz şəkildə leqallaşdırıldığı müəyyən edilib. İstintaq materiallarında Yermakın da həmin qrupun iştirakçılarından biri olduğu bildirilir.

Mayın 11-də Ukrayna mediası NABU əməkdaşlarının Andrey Yermakın iştirakı ilə istintaq hərəkətləri apardığını yazmışdı.

Bir sıra xəbərlərə əsasən, Yermakla əlaqəli obyektlərdə axtarışlar aparılıb. “Sxemı”nin məlumatında onun SAP prokuroru Valentina Qrebenyuk ilə avtomobildə görüntüləndiyi foto və videoların mediada yayıldığı qeyd olunur.

Andrey Yermak jurnalistlərin suallarını cavablandırarkən ittihamlarla bağlı geniş şərh verməyib. O, yalnız bir mənzilə və bir avtomobilə sahib olduğunu bildirib.

Yermak 2020–2025-ci illərdə Ukrayna Prezident Ofisinin rəhbəri olub və ölkənin ən nüfuzlu siyasi fiqurlarından biri sayılıb. O, Prezident Volodimir Zelenskinin yaxın müttəfiqlərindən biri kimi tanınıb. 2025-ci ilin noyabrında “Enerqoatom” ətrafındakı korrupsiya qalmaqalı fonunda istefa verib.

İstintaq çərçivəsində əsas təşkilatçılar kimi iş adamı Timur Mindiç və maliyyəçi Aleksandr Tsukerman göstərilir. NABU-nun iddiasına görə, sxemdə bir sıra yüksək vəzifəli şəxslər, o cümlədən keçmiş energetika naziri German Qaluşenko və sabiq müdafiə naziri Rüstəm Umerov də yer alıblar.

İstintaq materiallarında yer alan və mediada “Mindiç lentləri” kimi təqdim olunan səs yazılarında “Əli-Baba” ləqəbli şəxsin hüquq-mühafizə orqanlarına göstəriş verdiyi iddia edilir. İstintaqçılar həmin şəxsin Andrey Yermak ola biləcəyini istisna etməyiblər.

Bundan əlavə, mediada “Fire Point” şirkətinin fəaliyyəti ilə bağlı olduğu iddia edilən yeni dinləmə materialları da yayılıb. Uzaqmənzilli “Flamingo” raketlərinin istehsalçılarından biri olan şirkətin həmtəsisçisi Denis Ştilerman ittihamları rədd edib və yayılan səs yazılarının onun nüfuzdan salınması məqsədilə montaj olunduğunu bildirib.

Hazırda Yermaka qarşı irəli sürülən ittihamların detalları tam açıqlanmasa da, onun “Midas” əməliyyatı və Timur Mindiçin fəaliyyəti ilə bağlı korrupsiya araşdırması çərçivəsində istintaqa cəlb olunduğu qeyd edilir.

“AzPolitika.info”

***

Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (İAP) Ukrayna Prezidenti Ofisinin sabiq rəhbəri Andrey Yermaka qarşı ittiham irəli sürüb.

"AzPolitika" "Report"a istinadən xəbər verir ki, bu barədə qurumların sosial şəbəkədəki məlumatında deyilir.

"UMAB və İAP Kiyev yaxınlığındakı elit tikintidə 460 milyon qrivnanın (10,5 milyon dollar - red.) leqallaşdırılmasında iştirak edən mütəşəkkil qrupu ifşa edib. İttiham onun iştirakçılarından birinə - Ukrayna Prezidenti Ofisinin sabiq rəhbərinə qarşı irəli sürülüb", - məlumatda bildirilir.

Qeyd olunur ki, ittiham Ukrayna Cinayət Məcəlləsinin 209-cu maddəsinin 3-cü hissəsi (cinayət yolu ilə əldə edilmiş əmlakın mütəşəkkil qrup tərəfindən və ya xüsusilə külli miqdarda leqallaşdırılması) ilə irəli sürülüb. Bu maddə üzrə cəza əmlak müsadirə olunmaqla, 8 ildən 15 ilədək azadlıqdan məhrumetmədir.

Xatırladaq ki, ötən ilin noyabrında UMAB və İAP Timur Mindiçin rəhbərliyi ilə energetika sahəsində böyük korrupsiya sxeminin üstünün açılması üzrə "Midas" adlı genişmiqyaslı əməliyyatın keçirildiyini elan edib.

17 noyabr 2025-ci ildə Zelenskinin ofisinin keçmiş rəhbəri Yermakın UMAB-nin səs yazılarında fiqurant ola biləcəyi barədə məlumat yayılıb. Noyabrın 28-i səhər Yermakın ünvanında axtarışlar aparılıb, axşama doğru isə o, vəzifəsindən azad edilib.