Ukrayna Aİ-nin vasitəçiliyi ilə Rusiyayla  “aeroport atəşkəsi”nə nail olmaq istəyir. 

“AzPolitika” xəbər verir ki, Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa bununla bağlı açıqlama verib. O deyib ki, Ukrayna Aİ-dən Rusiya və Ukraynadakı hava limanlarına edilən hücumlardan qarşılıqlı şəkildə imtina etmək üçün danışıqlarda kömək istəyib.

Nazirin sözlərinə görə, ABŞ-nin rəhbərlik etdiyi diplomatik proses yavaşladığı və Vladimir Putinin müharibəyə son qoymaq üçün razılaşmaya hazır olmadığı üçün sülh danışıqlarında Avropaya ehtiyac yaranıb. 

Nazir əlavə edib ki, "biz "aeroport atəşkəsi"ni həll etməyə çalışacağıq".

Kiyevin planı hər iki tərəfin hava limanlarını vurmaqdan çəkinməsi olacaq. Ukrayna Xarici İşlər naziri Rusiyanın da belə bir razılaşmada maraqlı ola biləcəyinə əminliyini ifadə edib, çünki Rusiyanın əsas hava limanları getdikcə Ukraynanın uzaqmənzilli hücumlarının hədəfinə çevrilir.

Sibiqa təklif edib ki, Avropa tərəfdaşları belə bir atəşkəsi müzakirə etmək üçün ayrıca platforma və ya xüsusi qrup yarada bilərlər. O əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski artıq bu ideyanı bir neçə Avropa lideri ilə müzakirə edib.

Eyni zamanda, Xarici İşlər naziri vurğulayıb ki, Ukrayna bununla danışıqlarda Avropanın ABŞ-ni əvəz etməsini təklif etmir.

“AzPolitika.info”