Ermənistanda Rusiyapərəst siyasi qüvvələrdən olan “Güclü Ermənistan” hərəkatının rəhbəri Samvel Karapetyan Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsi ilə bağlı çağırışına münasibət bildirib.
Samvel Karapetyan jurnalistlərin sualını cavabında bildirib ki, istənilən ölkənin bəyanatlarını Ermənistan üçün təzyiq kimi qiymətləndirir.
“Yalnız Rusiyanın yox, bütün ölkələrin istənilən açıqlamasını Ermənistan üçün təzyiq və ölkə maraqlarına uyğun olmayan yanaşma hesab edirəm”, – deyə o qeyd edib.
Karapetyan eyni zamanda Rusiya və Kipr vətəndaşlığından imtina prosesi ilə bağlı suallara da münasibət bildirib. O, bu istiqamətdə konkret detallar açıqlamasa da, hüquqi prosedurların başladığını və sənədləşmə işlərinin davam etdiyini deyib.
Qeyd edək ki, “Güclü Ermənistan” hərəkatı onu baş nazirliyə namizəd kimi təqdim etsə də, ölkə qanunvericiliyinə görə xarici vətəndaşlığı olan şəxslərin bu vəzifəyə namizədliyi məhdudlaşdırılır.
Eyni zamanda Samvel Karapetyan barəsində aparılan cinayət işi də ictimai diqqət mərkəzindədir. Ona qarşı irəli sürülən ittihamlar arasında hakimiyyətin ələ keçirilməsinə çağırış, iri miqyaslı mənimsəmə, vergidən yayınmanın təşkili və çirkli pulların yuyulması yer alır.
İş adamı bütün ittihamları rədd edir və prosesi siyasi təzyiq kimi qiymətləndirir. Onun barəsində məhkəmə araşdırmaları hazırda davam edir.
“AzPolitika.info”

Şərhlər