Böyük Britaniyanın Azərbaycandakı səfiri diplomatik fəaliyyətinin başa çatması münasibətilə nir qrup media nümayəndəsi ilə görüşüb. 

"AzPolitika" xəbər verir ki, o, çıxışında Azərbaycanla bağlı fikirlərini bölüşüb, ölkədə həyata keçirilən layihələrdə Britaniya şirkətlərinin iştirakını yüksək qiymətləndirib.

Səfir bildirib ki, fəaliyyəti dövründə Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Qarabağda aparılan bərpa və quruculuq işlərini yaxından izləmək imkanı əldə edib və Britaniya şirkətlərinin bu prosesdə yer almasından qürur duyur.

Onun sözlərinə görə, Britaniyanın məşhur memarlıq və şəhərsalma şirkətlərindən olan “Chapman Taylor” hazırda Qarabağda, Bakıda və Naxçıvanda dünya səviyyəli dizayn və baş planlaşdırma təcrübəsini təqdim edir.

“Britaniya şirkətlərinin bu prosesin bir hissəsi olması ilə fəxr edirəm. “Chapman Taylor” Qarabağda, Bakıda və artıq Naxçıvanda dünya səviyyəli dizayn və baş planlaşdırma təcrübəsini təqdim edir”, - səfir qeyd edib.

Diplomat enerji sahəsində əməkdaşlığa da toxunaraq bp şirkətinin Cəbrayılda həyata keçirdiyi “Şəfəq” günəş elektrik stansiyası layihəsini xüsusi vurğulayıb. O bildirib ki, layihə Azərbaycanın “yaşıl enerji” strategiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Səfirin sözlərinə görə, bu layihə təkcə təmiz enerji istehsalına deyil, həm də regionda yeni iş yerlərinin yaradılmasına xidmət edir. Bununla yanaşı, layihənin Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına da töhfə verəcəyi qeyd olunub.

“bp-nin Cəbrayıldakı “Şəfəq” günəş elektrik stansiyası layihəsi həm təmiz enerji, həm də yeni iş yerləri yaradır və Səngəçal terminalının dekarbonizasiyasına töhfə verəcək”, - səfir vurğulayıb.

E.Rüstəmli

"AzPolitika.info"