Mayın 12-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə deputat və ekspertlərin iştirakıyla “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirə moderatorluq edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə davamlı sülhün qorunması, təhlükəsizliyin gücləndirilməsi və dayanıqlı inkişafın təmin olunması dövlətlər üçün əsas prioritetlərdən biridir. O vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət regionda əməkdaşlıq münasibətlərinin genişlənməsinə, konstruktiv dialoqun inkişafına və uzunmüddətli etimad mühitinin formalaşmasına mühüm töhfə verir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında beynəlxalq vasitəçilik təcrübələri və müasir geosiyasi reallıqlar fonunda regional təhlükəsizlik məsələlərindən danışıb. O qeyd edib ki, mövcud mərhələdə regionda yeni əməkdaşlıq imkanlarının yaranması, kommunikasiya əlaqələrinin genişlənməsi və uzunmüddətli inkişaf üçün uyğun siyasi mühitin formalaşması xüsusi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Fariz İsmayılzadə regionda artan geosiyasi gərginliklər fonunda Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşmalar regionda davamlı sabitliyin təmin olunması baxımından mühüm rol oynayır.

Deputat Rizvan Nəbiyev isə qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirak etdiyini və çoxtərəfli münasibətlərin inkişafına mühüm töhfələr verdiyini bildirib. O vurğulayıb ki, Azərbaycanın balanslı və praqmatik siyasəti müxtəlif tərəfdaşlar arasında etibarlı münasibətlərin qurulmasına, regional kommunikasiyaların genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.

Tarixçi-alim Rizvan Hüseynov çıxışında qlobal təhlükəsizlik mühitinə təsir edən müasir çağırışlardan bəhs edib. Bildirilib ki, beynəlxalq münasibətlər sistemində humanitar yanaşmaların, mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi dövlətlər arasında daha sağlam münasibətlərin qurulmasına və ortaq maraqlara əsaslanan əməkdaşlığın inkişafına şərait yaradır.
Dəyirmi masa zamanı iştirakçılar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin regionda sabitlik, təhlükəsizlik və əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparıblar. Tədbirdə həmçinin sülh gündəliyinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində medianın rolunun vacibliyi xüsusi qeyd olunub.
"AzPolitika.info"

Şərhlər