Böyük Britaniya hökumətinin sanksiyaya məruz qalan Rusiya gəmilərini saxlamaq səlahiyyəti verməsindən sonra “Rusiyanın kölgə donanması”na aid yüzlərlə gəmi ölkənin ərazi sularından maneəsiz keçib.

“AzPolitika” xəbər verir ki, bu barədə BBC-nin “BBC Verify” fakt yoxlama xidmətinin hazırladığı araşdırmada bildirilir.

Araşdırmaya görə, 2026-cı ilin martından bu yana sanksiya siyahısında olan azı 184 gəmi Britaniya sularından ümumilikdə 238 keçid həyata keçirib. Bununla belə, Britaniya hərbçilərinin həmin gəmilərdən hər hansı birinə qalxaraq yoxlama apardığına dair sübut tapılmayıb.

Xatırladaq ki, 2026-cı ilin martında Böyük Britaniyanın Baş naziri Keir Starmer bəyan etmişdi ki, bundan sonra Britaniya Silahlı Qüvvələri sanksiyaya məruz qalan və Rusiya ilə əlaqəli “kölgə donanması” gəmilərini saxlaya və onların göyərtəsinə çıxa biləcək.

BBC-nin məlumatına əsasən, gəmilərin əksəriyyəti La-Manş boğazından keçib və ən azı 94 halda qısa müddətə Böyük Britaniyanın ərazi sularına daxil olub.

Kir Starmer mart ayında verdiyi açıqlamada bildirmişdi ki, London “Rusiyanın kölgə donanmasına növbəti zərbəni vurmağa” hazırdır. Onun sözlərinə görə, bu addımlar gəmi operatorlarını ya daha uzun və baha marşrutlardan istifadə etməyə, ya da Britaniya qüvvələri tərəfindən saxlanılmaq riskini qəbul etməyə məcbur etməli idi.

Britaniya Baş naziri həmçinin qeyd etmişdi ki, Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdəki müharibə fonunda neft qiymətlərinin artmasından faydalanmağa çalışır və məhz buna görə London “kölgə donanmasına” qarşı mübarizəni gücləndirir.

Hazırda Böyük Britaniya Rusiyanın “kölgə donanması”na aid hesab olunan 544 gəmini sanksiya siyahısına daxil edib. Bu donanmaya əsasən üçüncü ölkələrin bayraqları altında üzən və Rusiya neftini daşıyan tankerlər aid edilir.

Məlumata görə, İsveç və Fransa kimi ölkələr də bir neçə dəfə “kölgə donanması”na aid gəmiləri saxlayıb. Lakin əksər hallarda həmin gəmilər cərimə ödənildikdən sonra sərbəst buraxılıb.

“AzPolitika.info”