Mayın 14-də ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının lideri Si Cinping Pekində danışıqlar masası arxasında əyələşiblər. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, təxminən iki saatdan çox davam edən görüşdə tərəflər Tayvan, ticarət və İranda müharibə ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, münasibətlərin normallaşdırılması perspektivinə dair optimist mesajlar veriblər.

Bu, Tramp və Si Cinpin arasında 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən görüşdən sonra ilk şəxsi təmas olub. ABŞ Prezidenti hazırda Çinə üç günlük rəsmi səfər edir və bu, 2017-ci ildən bəri ABŞ prezidentinin ölkəyə ilk səfəri sayılır.

Si Cinpin Trampı Pekində Xalq Nümayəndələri Evində – Tyananmen meydanı yaxınlığında qarşılayıb. Görüşdən sonra liderlər proqram çərçivəsində Pekində yerləşən Səma Məbədini də ziyarət ediblər.

Çin lideri sammiti açarkən ABŞ və Çin münasibətlərinin rəqabətə baxmayaraq əməkdaşlıq üzərində qurulmasının vacibliyini vurğulayıb:

“ABŞ və Çin tərəfdaş olmalı, rəqib deyil,” – deyə Si Cinpin bildirib.

Donald Tramp isə Si Cinpini “dost” adlandıraraq iki ölkə arasındakı münasibətlərin daha da yaxşılaşacağını deyib: “Gələcəyimiz fantastik olacaq. Çinə böyük hörmətim var. Siz böyük lidersiniz. Mən hər zaman həqiqəti deyirəm,” – Tramp bildirib.

Bununla belə, görüş ABŞ və Çin arasında dərin strateji ziddiyyətlərin davam etdiyini də ortaya qoyub. Tərəflər ticarət, texnologiya, Tayvan məsələsi və İranda müharibənin nəticələri üzrə fərqli mövqelərini qoruyublar. Ağ Ev nümayəndəsinə istinadən CNN-in məlumatına görə, İran məsələsi danışıqlarda əsas mövzulardan biri olub. Bildirilir ki, tərəflər Hörmüz boğazının açıq qalması və İranın onun istifadəsinə görə ödəniş tələb etməməsi barədə razılıq ifadə ediblər. Eyni zamanda iqtisadi əməkdaşlıq da müzakirə olunub və Si Cinpinin ABŞ-dən neft alışını artırmağa hazır olduğu iddia edilir.

Ağ Evin açıqlamasında Tayvan məsələsinə yer verilməyib. Lakin Çin Xarici İşlər Nazirliyinə istinadən bildirilir ki, Si Cinpin Tayvan məsələsini Trampın diqqətinə çatdırıb. Çin lideri Tayvanı ölkənin ayrılmaz hissəsi adlandıraraq deyib: “Düzgün yanaşma olarsa, ikitərəfli münasibətlər sabit olacaq, əks halda qarşıdurma və hətta münaqişə qaçılmazdır”. Tramp isə danışıqların bu hissəsi ilə bağlı hələlik açıqlama verməyib.

Amerika Müəssisələr İnstitutunun tədqiqatçısı İvonne Çiu yerli mediaya bildirib ki, Pekin Tayvan məsələsində ABŞ-dan müəyyən zəmanətlər və ya güzəştlər almağa çalışır: “Bu, həm də Çinin Hind-Sakit okean regionunda ABŞ təsirini azaltmaq strategiyası ilə bağlıdır.”

Pekin Tayvan üzərində nəzarəti güc tətbiqi ilə bərpa etməyə hazır olduğunu bəyan edir. Bununla belə, Tayvan əhalisinin böyük hissəsi faktiki müstəqilliyi və demokratik idarəetməni dəstəkləyir. ABŞ isə rəsmi olaraq “vahid Çin” siyasətini tanısa da, Tayvanın zorla dəyişdirilməsinə qarşı çıxır və regiondakı təhlükəsizliyi “son dərəcə ciddi məsələ” kimi qiymətləndirir.

Trampın Çin səfərində onu iri biznes nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edir. Çin XİN Si Cinpinin ABŞ nümayəndə heyəti ilə ayrıca görüş keçirdiyini təsdiqləyib. Lakin hələlik hər hansı ticarət sazişinin imzalandığı barədə məlumat yoxdur.

Eyni zamanda Ukrayna müharibəsinin müzakirə edilib-edilmədiyi də açıqlanmayıb. Ukraynanın xarici işlər naziri Andri Sbiqa Rusiya hücumları fonunda ABŞ və Çini Rusiyaya təzyiq göstərməyə çağırıb.

“AzPolitika.info”