Xəbər verildiyi kimi, ötən gecə Rusiya Ukraynaya son zamanların ən kütləvi hava zərbələrindən birini endirib. 

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə səhifəsində son Rusiya hücumu nəticəsində Kiyevdə beş nəfərin həlak olduğunu bəyan edib. Ukrayna Prezidenti əlavə edib ki, Xarkovda 28 nəfər və Odessada iki nəfər yaralanıb.

Zelenski yazıb: "Hazırda Kiyevin Darnitski rayonunda axtarış-xilasetmə əməliyyatı aparılır. Binanın dağıntıları altında qalan insanları axtarırlar. 10-dan çox insan hələ də itkin düşüb. Bütün bu hücumlara ədalətli cavab veriləcək. Rusiyaya qarşı qlobal sanksiyaların olması vacibdir. Rusiya hərbi əməliyyatlara görə tam məsuliyyət daşımalı və sanksiya təzyiqimiz tam şəkildə tətbiq olunmalıdır. Dünyanın bu barədə səssiz qalmaması çox vacibdir".

Kiyev meri Vitali Kliçko deyib ki, kütləvi hücum nəticəsində paytaxtda 40 nəfər yaralanıb. Onların arasında iki uşaq da var. Bir uşaq da daxil olmaqla, 31 yaralı xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Naziri İqor Klimenko bildirib ki, 10-dan çox itkin düşmüş şəxs haqqında məlumat var. Hazırda onlar axtarılır.

“AzPolitika.info”