“Çin lideri Si Cinping Vaşinqtona Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması məsələsində yardım təklif edib”. 

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində danışıb.

Trampın sözlərinə görə, Si Cinpin Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunmasında maraqlıdır. Çin lideri bu prosesə dəstək verməyə hazır olduğunu açıq şəkildə ifadə edib.

“Prezident Si razılaşmanın baş tutmasını istəyir. O dedi ki, əgər hər hansı köməyim dəyə bilərsə, yardım etməyə hazıram”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, Si Cinpin İrana hərbi texnika göndərilməyəcəyinə dair vəd verib. Tramp bunu “çox ciddi bəyanat” kimi qiymətləndirib.

Ağ Evdən verilən məlumata görə, Pekin həm də ABŞ neftinin daha böyük həcmdə alınmasında maraqlıdır. Bildirilir ki, Çin bununla Hörmüz boğazından keçən enerji marşrutlarından asılılığını azaltmağa çalışır. Tərəflər boğazın beynəlxalq gəmiçilik üçün açıq qalmalı olduğu və hərbiləşdirilməsinin yolverilməzliyi barədə ortaq mövqe nümayiş etdiriblər.

Hazırda Çin Hörmüz boğazından daşınan neftin ən böyük idxalçısı hesab olunur. İran ətrafında müharibə başladıqdan sonra Pekin gəmiçilikdə yaranan problemlərə baxmayaraq, İran neftinin alışını davam etdirib.

“The New York Times” nəşrinin məlumatına görə, məhz Çin aprel ayında İranla ABŞ arasında əldə olunan atəşkəs razılaşmasının formalaşmasında mühüm rol oynayıb.

Eyni zamanda “The Washington Post” ABŞ kəşfiyyatına istinadən yazır ki, Pekin İran ətrafındakı qarşıdurmadan hərbi və iqtisadi mövqelərini gücləndirmək üçün istifadə edir.

Nəşrin iddiasına görə, müharibə başladıqdan sonra Çin Fars körfəzində ABŞ müttəfiqlərinə silah tədarük edib, eyni zamanda Hörmüz boğazında gəmiçiliyə tətbiq olunan məhdudiyyətlərdən sonra enerji problemləri ilə üzləşən ölkələrə dəstək göstərib.

“AzPolitika.info”