Pakistan “Fatah-4” adlı yeni qanadlı raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb.
Pakistan ordusunun yaydığı məlumata görə, “Fatah-4” yerüstü buraxılışlı qanadlı raketdir və 750 kilometr uçuş məsafəsinə malikdir. Raket relyefi izləmə texnologiyası vasitəsilə təxminən 50 metr hündürlükdə uça bilir.
Sınaq Pakistan Ordusunun Raket Qüvvələri Komandanlığı tərəfindən keçirilib. Rəsmi açıqlamada həmçinin bildirilib ki, təlimin məqsədi şəxsi heyətin hazırlıq səviyyəsini artırmaq, raketin döyüş şəraitində etibarlılığını yoxlamaq, yenilənmiş texniki parametrləri test etmək olub. Pakistan ordusu raketin qabaqcıl avionika, müasir naviqasiya və yüksək dəqiqlikli tuşlama sistemləri ilə təchiz edildiyini vurğulayıb.
Qeyd edək ki, raketin aşağı hündürlükdə uçuş profili xüsusilə diqqət çəkir. Belə ki, aşağıdan uçan qanadlı raketlər yerüstü radarlar tərəfindən daha gec aşkarlanır. Bu da hava müdafiə sistemlərinin reaksiyasını çətinləşdirir və raketin hədəfə çatma ehtimalını artırır. Analitiklər qeyd edirlər ki, “Fatah-4” sürətdən daha çox gizlilik və dəqiqlik imkanlarına fokuslanıb. Raketin təxminən Mach 0.7 sürətlə uçduğu bildirilir.
Texniki göstəricilərə görə, “Fatah-4” təxminən 7,5 metr uzunluğa, 1530 kiloqram ümumi çəkiyə və 330 kiloqramlıq döyüş başlığına malikdir. Məlumata əsasən, raketin dəqiqlik göstəricisi 5-10 metr səviyyəsində qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, “Fatah-4” Pakistanın sərhəddən uzaqda yerləşən strateji obyektləri hədəfə almaq imkanlarını genişləndirir. Raket hava bazaları, komanda idarəetmə mərkəzləri, radar sistemləri, logistika qovşaqları və hərbi infrastruktur kimi mühüm hədəflərə qarşı istifadə oluna bilər.
"AzPolitika.info"

Şərhlər