Qazaxıstan Türkiyənin "TDT+" formatının yaradılması təklifini dəstəkləyib.
"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu formata qoşulmaq istəyən bütün ölkələr üçün aydın meyarlar olmalıdır.
K.Tokayev həmçinin TDT-nin hərbi alyans olduğu iddialarını rədd edib: "Bu gün beynəlxalq ictimaiyyət təşkilatımıza etibar edir, onun beynəlxalq arenada nüfuzu artır. Bununla əlaqədar Qazaxıstan Altayın türk sivilizasiyasının beşiyi kimi tanınması təşəbbüsünü dəstəkləyir. Bundan əlavə, biz "Altay dialoqu" platformasının və müvafiq forumun yaradılması təklifini dəstəkləyirik".
O əlavə edib ki, Qazaxıstan Türkiyənin "TDT+" formatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi təşəbbüsünü dəstəkləyib.
Bununla əlaqədar K.Tokayev bu formata qoşulmaqda maraqlı olduğunu bildirən dövlətlər və təşkilatlarla konkret qarşılıqlı fəaliyyət mexanizmləri hazırlamağı təklif edib: "Müzakirələr zamanı müxtəlif fikirlər səsləndirildi. Aydındır ki, onların məqsədi ümumi istiqamətlərin axtarışından ibarətdir. Qazaxıstan bu birliyə xələl gətirə biləcək istənilən yanaşmaları rədd etməyi zəruri sayır".
O, həmçinin Türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsinin son dərəcə vacib olduğunu qeyd edib: "Hər şeydən əvvəl, TDT geosiyasi və ya hərbi ittifaq deyil. Bu, qardaş ölkələrin ticari-iqtisadi, yüksək texnoloji, rəqəmsal və humanitar əməkdaşlığının möhkəmləndirilməsinə yönəlmiş unikal bir platformadır. Aydındır ki, belə bir yanaşma dövlətlərimizin milli maraqlarına tam uyğundur. Qoy Türk dünyası həmişə həmrəy qalsın və ümumi məqsədlərdən geri çəkilmədən birgə inkişaf etməyə davam etsin".

Şərhlər