Bolqarıstan hələ də enerji yoxsulluğu və əhalinin əlçatan mənzillə təmin edilməsi sahəsində ciddi çətinliklər yaşayır.
Bu bəyanatı Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında çıxış edərkən səsləndirib.
"Cavab tədbirləri kimi biz uzunmüddətli strateji yanaşmalar formalaşdırırıq, onların da arasında 2050-ci ilə qədərki dövr üçün Binaların Renovasiyası üzrə Milli Plan və yenilənmiş Milli Mənzil Strategiyası yer alır.
Bu sənədlərdə əsas diqqət enerji yoxsulluğuna məruz qalmış ev təsərrüfatlarının dəstəklənməsinə, eləcə də maliyyə resurslarına çıxışın genişləndirilməsinə yönəldilir. Yaxın onilliyin perspektivlərindən danışarkən, biz bir sıra əsas prioritetləri müəyyən edirik: dayanıqlı maliyyə mexanizmlərinin cəlb edilməsi ilə binaların renovasiyası templərinin artırılması; əlçatan mənzil təminatının şəhər siyasətinin əsas istiqaməti kimi təsbit edilməsi; mənzil sektoru ilə şəhərsalma planlaşdırması arasında qarşılıqlı əlaqənin gücləndirilməsi; həmçinin yerli idarəetmə orqanlarının potensialının inkişaf etdirilməsi", - diplomat vurğulayıb.

Şərhlər