Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ilk dəfə olaraq kommunal xidmət təminatçıları ayrıca maraqlı tərəf qrupu kimi tanınıb.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13 çərçivəsində Qlobal Su Operatorları Tərəfdaşlığı Alyansının (GWOPA) Assambleyasında deyib.

Onun sözlərinə görə, su və kanalizasiya operatorlarının urbanizasiya, iqlim və dayanıqlı inkişaf siyasətlərində rolu getdikcə artır: "Bu həftə Bakıda kommunal xidmət təminatçılarının səsi daha geniş urbanizasiya platformasında eşidilir".

A. Rossbax şəhərlərin qurulması üçün yalnız infrastruktur investisiyalarının kifayət etmədiyini bildirib: "Dəyişiklik kommunal xidmət qurumlarından, hökumətlərdən və tərəfdaşlardan gələcək. Yalnız infrastruktura deyil, potensialın inkişafına da investisiya qoyulmalıdır. Dayanıqlı xidmətlərin göstərilməsi üçün güclü operatorlar, dəstəkləyici siyasətlər və uzunmüddətli tərəfdaşlıqlar əsas şərtlərdir".