Ötən gecə Rusiya qüvvələri Ukraynanın Dnepr şəhərinə dronlar və raketlərlə hücum edib.
“AzPolitika” xəbər verir ki, bir neçə yaşayış məntəqəsinə endirilən zərbə genişmiqyaslı dağıntılara və yanğınlara səbəb olub. Bu barədə Regional Hərbi Administrasiyanın rəhbəri Aleksandr Qanja rəsmi açıqlama yayıb.
Onun sözlərinə görə, yaşayış binalarına, fərdi evlərə, bir dini müəssisəyə və universitetə ziyan dəyib. İki yaşlı qız və on yaşlı oğlan da daxil olmaqla, 18 nəfər yaralanıb. "Uşaqlar ambulator müalicə alır. Səkkiz nəfər xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirirlər", - Qanja qeyd edib.
Bundan əlavə, Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində bir müəssisəyə və infrastruktura zərbə endirilib. İki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Bölgənin bir neçə digər rayonu atəşə tutulub, dörd nəfər yaralanıb.
Rusiya qüvvələri həmçinin, Odessaya daha bir PUA hücumu həyata keçirib. Bu şəhərdə də yaşayış binalarına ziyan dəyib. Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın sözlərinə görə, iki nəfər yaralanıb, onlardan biri uşaqdır. Həmçinin, lisey və uşaq bağçasına da ziyan dəyib, infrastruktur zədələnib.
Xatırladaq ki, Rusiyanın 14 may gecəsi Ukraynaya qarşı həyata keçirdiyi kütləvi raket və PUA hücumu zamanı raketlərdən biri Ukrayna paytaxtının Darnitski rayonundakı yaşayış binasına dəyib. Doqquzmərtəbəli binanın bir hissəsi uçub. 24 nəfər həlak olub, onlardan üçü uşaq idi.
“AzPolitika.info”

Şərhlər