Pakistan İranın Yaxın Şərqdə münaqişənin dayandırılması ilə bağlı yenilənmiş təklifini ABŞ-yə ötürüb.

"AzPolitika” bildirir ki, bu barədə “Reuters” agentliyinə açıqlama verən pakistanlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün vaxt məhduddur: “Çox vaxtımız yoxdur. Hər iki ölkə davamlı şəkildə öz mövqelərini dəyişir”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmayıl Bəqai isə bu gün bəyan edib ki, Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar prosesi davam edir.

Onun sözlərinə görə, Tehran hazırda əsas diqqətini müharibənin başa çatdırılmasına yönəldib. Bəqai qeyd edib ki, ABŞ ilə mümkün danışıqlarda İranın əsas tələbləri sırasında ölkənin dondurulmuş aktivlərinin açılması və sanksiyaların ləğvi yer alır.

Bu arada ABŞ Prezidenti Donald Tramp ötən gün İrana “tez hərəkət etməyə” çağırıb. O, əks halda Tehranın ağır nəticələrlə üzləşə biləcəyini bildirib.

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Pakistanın vasitəçilik missiyasının aktivləşməsi Vaşinqton və Tehran arasında dolayı diplomatik təmasların davam etdiyini göstərir.

“AzPolitika.info”